Prezidentlərin ilk iş yerləri: satıcı, molla, fəhlə, kolxozçu...

Prezidentlərin ilk iş yerləri: satıcı, molla, fəhlə, kolxozçu...
  13 İyun 2014    Oxunub:1682
İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər prezident olasan, istər nazir, istərsə də adi sıravi vətəndaş...

AzVision.az məşhurların “İlk iş yerləri” adlı rubrikanı davam etdirir. Bu dəfə dünyada söz sahibi olan prezidentlərin ilk işlərindən bəhs edəcəyik.

Başlayaq Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obamadan. Obama karyerasına Beynəlxalq Biznes Korporasiyasından başlayıb. Belə ki, o, 1981-ci ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin nəzdindəki kollecə köçürülür. Burada politologiya, xüsusilə də beynəlxalq münasibətlər üzrə təhsil alır. Eyni vaxtda Beynəlxalq Biznes Korporasiyasında çalışmağa başlayır.

ABŞ-ın hazırkı prezident ilk iş yerində cəmi bir il fəaliyyət göstərib.O, daha sonra 1983-cü ildə Kolumbiya Universitetini bitirir və 1985-ci ildə Çikaqoya köçərək orada yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlayır.

Üç dəfə Rusiya prezidenti seçilən Vladimir Putin əmək fəaliyyətinə “KQB”-dən başlayıb. O, 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Dövlət Təhlükəsizlik Xidmətində (KQB) işə başlayıb. 1975-ci ildə Oxta məktəbinin “operativ heyət hazırlanması” kursunu bitirib, baş leytenant attestasiyası alıb.

“Forbes” jurnalının bir neçə dəfə dünyanın ən nüfuzlu qadını seçdiyi Almaniya kansleri Angela Merkel elmi fəaliyyətilə fərqlənir. Orta məktəbdə oxuyanda rus dilini və riyaziyyatı mükəmməl öyrənən A.Merkel 1973-1978-ci illərdə Templin və Leypsiq universitetində fizika üzrə ali təhsil alır. Daha sonra o, Berlin-Adlerşof Elmlər Akademiyasının Fizika-Kimya İnstitutunda oxuyur və işləyir.

Doktorluq adını alandan sonra tədqiqatçı kimi çalışır və bir neçə elmi məqalə yazır. Merkelin siyasi karyerası 1989-cu ildə demokratik hərəkata qoşulmaqla başlayır.

Böyük Britaniyanın baş naziri Devid Kameron universiteti bitirəndən sonra Mühafizəkarlar Partiyasının tədqiqat bölməsində çalışıb. 1988-1993-cü illərdə bu vəfizədə çalışan baş nazir daha sonra Maliyyə Nazirliyində xüsusi müşavir kimi əmək fəaliyyətini davam etdirib. Hobbisi ovçuluq, futbol oynamaq olan Devid Kameron 2010-cu ildən Britaniya hökumətinə rəhbərlik edir.

Fransa prezidenti Fransua Olland tələbəlik illərini ABŞ-da yaşayıb. Məzun olduqdan dərhal sonra Audit Məhkəməsində müşavir kimi işləməyə başlayır.

1974-cü ilin prezident seçkilərində uğursuzluğa düçar olan namizəd Fransua Miterandın seçkiqabağı kampaniyasında könüllü kimi fəaliyyət göstərib. Bundan 5 il sonra isə Olland Sosialist Partiyasına üzv olur. Bununla da onun siyasi karyerası başlayır.

İtaliya tarixinin ən gənc baş naziri olan Matteo Rensi Florensiya Universitetindən məzun olub. Öz ailəsinə məxsus olan CHİL Srl şirkətində satış xidmətinə rəhbərlik edib. Bu şirkət “La Nazione” qəzetinin satışını təşkil edirdi. Hələ ali məktəbdə oxuyanda siyasətlə maraqlanmağa başlayan Maetteo 1996-cı ildə Xalq Partiyasına üzv olub.

Azərbaycan prezidenti İlham Əliyev 1985-ci ildə Moskva Dövlət Universitetini bitirib. Bu universitetdə aspiranturaya qəbul olub və daha sonra tarix elmləri namizədi olub. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Siyasi karyerası isə 1995-ci ildə Milli Məclisin deputatı seçiləndən sonra başlayıb.

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko 1989-cu ildə Kiyev Dövlət Universitetini bitirdikdən sonra orada beynəlxalq iqtisadi əlaqələr fakültəsində labarant kimi işə qəbul olub və 1992-ci ilə qədər orada çalışıb.

Poroşenkonun biznes karyerasında ilk addımı 1993-cü ildə atası Aleksey ilə birgə qurduğu şirkətdən başlayıb. Hazırkı prezidentin siyasi kariyerası isə 1998-ci ildə Ukrayna parlamentinə seçildikdən sonrakı dövrə təsadüf edir.

Türkiyənin 36-cı baş naziri Rəcəb Tayyib Ərdoğan əmək fəaliyyətinə ali məktəbi bitirmədən, orta məktəbdə oxuduğu illərdə başlayıb. Belə ki, 13 yaşı olanda ailəsi ilə birlikdə İstanbula gələn Ərdoğan həmin illərdə lemonad və simit satıb. Gənclik illərində peşəkar futbolçu olan baş nazir 1981-ci ildə Marmara Universitetindən məzun olub.

Ərdoğan siyasətə hələ tələbə olarkən qoşulub. O, əvvəlcə Milli Türk Tələbə Birliyinə üzv olub, 1976-ci ildə isə Milli salamatlıq Partiyasının (MSP) Bəyoğlu bölgəsi üzrə Gənclər Təşkilatının sədri seçilib.

“Time” jurnalının oxucuların səsverməsinə əsasən, 2012-ci “İlin adam”ı seçdiyi Şimali Koreya lideri Kim Çen Inın doğulduğu tarixin 1982-ci il, 1983-cü il, yoxsa 1984-cü il olduğu dəqiq bilinmir. KİV-də onun doğum tarixi barədə müxtəlif versiyalar səsləndirlir. Hazırda ölkə başçısı olan Kim Çen Inın İsveçrənin Bern şəhərində təhsil aldığı deyilir. Qeyri-rəsmi məlumata görə o, orta məktəbdə Şimali Koreyanın İsveçrədəki səfirliyinin işçisinin oğlu Pak Un, yaxud Un Pak adı ilə qeydiyyatda olub. O, 2002-2007-ci illərdə paytaxt Pxenyanda Kim İr Sen adına universitetdə ali təhsil alıb.

Kim Çen Inın həyatı haqqında olduğu kimi əmək fəaliyyəti ilə bağlı da dəqiq məlumat yoxdur. Belə ki, onun artıq 2007-ci ildən ölkə başçısının varisi elan olduğu bildirir. 2006-cı ildə Koreya Əmək Partiyası üzvlərinə Kim Çen Inın şəkli olan döş nişanları paylanıb. Bu da o demək idi ki, varis Kim Çendir.

İran İslam Respublikasının 7-ci prezidenti Həsən Ruhani 1969-1972-ci illərdə Tehran Universitetində təhsil alıb. Prezident təhsilini Qlazqo Kaledoniya Universitetində davam etdirib.

Həsən Ruhani gənc ruhani kimi İran İslam hərəkatının başlandığ illərdə Ayətullah Xomeyniyə qoşulub. O, 1965-ci ildə İran ərazisini gəzərək Rza şah Pəhləvinin əleyhinə nitqlər söyləyib. Bu vaxt ərzində hazırkı prezident bir neçə dəfə həbs olunub.

1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilməklə siyasi karyerasına başlayıb.

Ermənistan prezidenti Serj Sarkisyan ixtisasca filoloq olsa da kariyerasına çilingər kimi başlayıb. Belə ki, Yerevan Dövlət Universitetinin filologiya fakultəsini bitirən Serj Sarkisyan 1975-ci ildə Yerevean Elektrotexnika zavodunda çilingər kimi işə qəbul olub. Adı çəkilən zavodda fəaliyyətini 1979-cu ilə qədər davam etdirib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsinin məzunudur. 1992-ci ildə universiteti bitirən prezident daha sonra təhsilini Macarıstanda Mərkəzi Avropa Universitetində və Gürcüstan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda davam etdirib. Prezidentin ilk işi dağ bələdçiliyi olub. Belə ki, 1990-cı illərdə o, Qafqaz Səyahət agentliyində dağ bələdçisi kimi fəaliyyət göstərib.

2012-ci ildən aktiv siyasi fəaliyyətə başlayıb və 2013-cü ildə prezident seçilib.

Üçüncü dəfə Suriya prezidenti seçilən Bəşər Əsəd ixtisasca həkimdir. O, 1988-ci ildə Dəməşq Universitetinin Tibb fakültəsini bitirib və orduda fizik kimi işləməyə başlayıb. 4 il sonra Londonda yerləşən Qərbi Göz Hospitalında Aftolmologiya üzrə magistr təhsili alan Bəşər Əsəd qardaşının ölümündən sorna ölkəyə qayıtmağa məcbur olub. 1998-ci ildə Suriyanın Livanı işğal etməsini öz üzərinə götürərək hərbi akademiyaya daxil olub.

B.Əsəd 2000 və 2007-ci illərdə Parlament tərəfindən prezident kimi təsdiqlənib. Sonradan prezident seçkisi qaydaları dəyişir və 2014-cü ildə ölkə ərazisində keçirilən ilk prezident seçkilərində yenidən bu posta seçilir.

Misirin yeni seçilmiş prezidenti Əbdülfəttah əl Sisi 1977-ci ildə Misir Hərbi Akademiyasından məzun olub. Sonrakı illərdə də fəaliyyətini hərbçi kimi davam etdirib və bir müddət Müdafiə Naziri kimi çalışıb. 2014-cü ilin iyunun 8-də Misir prezidenti seçilib.

Daha çox ailə qalmaqalları ilə gündəmə gələn Özbəkistan prezidenti İslam Kərimov Daşkənd Dövlət Textniki Universitetinin mühəndis-mexanik fakultəsini bitirib. Ölkənin ilk prezidenti olan İslam Kərimov 1990-cı ildən bu postu tutur.

O əmək fəaliyyətinə usta köməkçisi kimi başlayıb. Belə ki, İslam Kərimov 1960-cı ildə Daşkənd Kənd Təsərrüfatı Maşınları zavodunda əvvəlcə usta köməkçisi, daha sonra usta və texnoloq kimi çalışıb.

Belarusiyanın ilk prezidenti, hazırda da ölkə başçısı olan Aleksandr Lukaşenko 1975-ci ildə Mogilev Pedaqoji İnsitutunu bitirib. 1985-ci ildə isə Belarusiya Kənd Təsərrüfatı Akademiyasını bitirib. Hərbi xidmətdən sonra 1982-ci və 1985-ci ildə kolxoz sədrinin müavini olub. Daha sonra isə Sovxoz və Tikinti materialları zavoduna direktor vəzifəsinə təyin edilib.

1991-ci ildən Qazaxıstan prezidenti olan Nursultan Nazarbayev orta məktəbi bitirdikdən sonra dövlət hesabına Termitau şəhərində Karqanda Poladəritmə zavodunda işləməyə başlayır. Daha sonra o, Ukraynanın Dneprdirjinsk şəhərində təhsil alıb. 1960-cı ilsdə Qazaxıstan metallurgiya sənayesi zavodunda işləməyə başlayıb.

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədov da ixtisasca həkimdir. O, 1979-cu ildə Türkmən Dövlət Tibb İnstitutundan məzun olub və diş həkimi kimi işləməyə başlayıb. 1995-ci ildə Saparmurad Niyazovun hakimiyyətdə olduğu illərdə Səhiyyə və Tibb Sənayesi Nazirliyinin stomotologiya mərkəzinin rəhbəri olub. O, 2006-ci ildən Türkmənbaşıdır.

2011-ci ildən Qırğızıstan prezidenti olan Almazbek Atambayev 1980-ci ildə Moskva İdarəetmə İnstutunu bitirib, mühəndiz-iqtisadçı ixtisasına yiyələnib. Əmək fəaliyyətinə mühəndis kimi başlayıb. Daha sonra Qırğızıstan SSR Rabitə Nazirliyində baş iqtisadçı kimi çalışıb.

P. S.: prezidentin ilk iş yerləi ilə bağlı məlumatlar vikipediya və mətbuatda gedən informasiyalar əsasında hazırlanıb.

Hazırladı: Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti