Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filminin nümayişi olub

   Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filminin nümayişi olub
  18 Oktyabr 2023    Oxunub:2540
Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” kitab mağazalar şəbəkəsinin və TEAS Press Nəşriyyat evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.
Üç il ərzində ərsəyə gətirilən bu film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.
Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı.

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli filmi rejissor və ssenari müəllifi Karan Sinqh italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb. Sənədli film iki dəfə ABŞ festivallarında nümayiş etdirilib.

Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib.

Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.

Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror əməliyyatlarından sonra yenidən ictimaiyyətin gündəminə gəlib.

Film Azərbaycan və ingilis dillərində hazırlanıb.

Tədbir zamanı həmçinin TEAS Press Nəşriyyat evinin Qarabağ, Xocalı, şəhidlər, erməni əsirliyi və Azərbaycan həqiqətlərinə həsr olunmuş digər kitablarının satışı da reallaşdırılıb və satışdan əldə olunan gəlir “Yaşat” Fondu və Qarabağ Dirçəliş Fondunun hesablarına köçürüləcək.







Şahanə Rəhimli
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti