`Anar o kürsü üçün doğulub`- Yazarların reaksiyası

`Anar o kürsü üçün doğulub`- Yazarların reaksiyası
  13 İyun 2014    Oxunub:1274
Xalq yazıçısı Anar bu gün yenidən AYB sədrliyinə namizəd olacağını açıqlayıb.
Xalq yazıçısının bu addımı ədəbi mühitdə birmənalı qarşılanmadı.
Ədəbi mühitin tanınmış imzaları AYB sədrinin namizədliyi ilə bağlı AzVision.az-ın sorğusunu cavablandırıblar.

Elçin Mirzəbəyli:`Yazıçılar Birliyinin Nizamnaməsi bir şəxsin bir neçə dəfə sədr seçilməsinə məhdudiyyət qoymur. Sədrliyə namizədliyini irəli sürmək Anar müəllimin hüququdur`.

Səlim Babullaoğlu :` Mən hesab edirəm ki indiki vəziyyətdə Anarın alternativi yoxdur. Yəni Anar dura-dura kiminsə öz namizədliyini irəli sürməsi bir qədər gülməli, bir qədər də uğursuzluqdur. Özünə hörmət edən adam bunu etməməlidir. Üstəgəl Anarın ədəbiyyat tariximiz və AYB tarixi üçün əvəzolunmaz xidmətləri var. Xeyr, mənim sözlərim elə başa düşülməməlidir ki, başqa adam olmamalıdır, yaxud olmayacaq. Əsla. Olacaq nə vaxtsa. Amma bu gün bu belə deyil. Mən Xalq yazıçısı Anara səs verəcəm`.

Qan Turalı: `Bu haqda AYB üzvlərindən soruşmağınız daha məsləhətdir. Kulis.Az AYB sədrinin kimin olmasından asılı olmayaraq AYB ilə səmərəli əməkdaşlığını davam etdirəcək.`

Həyat Şəmi : `Anar müəllimə gözümüz öyrəşib. Ondan başqa kim olsa məncə süni görünəcək. Bu insan elə bil o kürsü üçün doğulub`.

Namiq Hüseynov(AYO başqanı): `Bundan bir neçə gün öncə gənc AYB üzvü Kəramət Böyükçöl AYO haqda bir məqalə yazıb, burda əsasən gənclərin toplanmasını, hətta sədrin ən gənc üzvlər arasından seçilməsinə etiraz və ikrah tonunda bir yazı yazmışdı. Bir gəncin gəncliyə bu dərəcədə ikrahı əlbəttə məni üzdü. Soruşdum ki, Kəramət bəy, siz niyə gənc ola-ola AYB sədri olmayasınız? Neynəyəsən ki, başda Kəramət olmaqla bütün AYB-çilər deyirlər o vəzifəyə ən layiqli namizəd Anar müəllimdir. Bilirsiniz, AYB-də təqaüd deyilən bir maddi asılılıq var və onun varlığı təşkilatdakı demokratik mühiti tamam korlayır. Adamlar 200 manatı itirməmək üçün, hər şeyə göz yumurlar, elə eyni adamın dəfələrlə sədr seçilməsinə də. Təəssüf edirəm ki, yazarları belə çörəklə imtaha çəkirlər. Mən özüm və ümumilikdə AYO, AYB-dəki qurultayı, sədrliyə namizədləri, keçiriləcək səsvermələri və də qurultayın nəticələrini izləməyəcəyik, bizim üçün bu proses maraqsızdır, çünki hər şey əvvəldən o qədər aydındır ki. Sadəcə ölkədəki bütün təşkilatlara demokratik abu-havasına, söz və vicdan azadlığının tam qorunmasına görə nümunə olaraq AYO-nu göstərmək istərdim. Burda ildə bir dəfə şəffaf seçki keçirilir və adətən sədr gənc üzvlər arasından seçilir. AYB-də illər ərzində sədrlikdə qalan adamın yaşı get-gedə artıqca AYO-da hər il yeni sədr daha gənc olur`.

Şəhriyar del Gerani: `Anar müəllim bu dəfə də seçilsə `Açıq söhbət`ə dəvət edib yaxşı söhbət eləmək haqqında düşünürəm. Bütün yazıçıları, şairləri, möminləri, ürəyində allah eşqi olanları, qəlbi ədəbiyyatla çırpınanları, kökçü sözlə alışanları Anar müəllimə səs verməyə çağırıram`.

AzVision.az



Teqlər:  





Xəbər lenti