"Təməli qoyulan 2 müəssisəyə 30 milyondan artıq investisiya yatırılıb" - Sədr

   "Təməli qoyulan 2 müəssisəyə 30 milyondan artıq investisiya yatırılıb" -    Sədr
  24 Oktyabr 2023    Oxunub:1103
Oktyabrın 23-də Prezident İlham Əliyev tərəfindən təməliqoyulmuş 2 müəssisə (“Çinar-Servis” İKF və “Kartaş Kimya” MMC) tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 30 milyon manatdan artıq investisiya yatırılması, 300-dən çox daimi iş yeri yaradılması nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu müəssisələrin 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında indiyədək ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 38 rezidentdən 23-ü fəaliyyət göstərir.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 34,7%-i ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 (32,1%) milyon manatlıq hissəsi ixrac edilib.
Sumqayıt Kimya Sənaye Parkında hazırda 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti