Bakı aeroportunun sərnişin dövriyyəsi 4,3 milyonu ötüb

   Bakı aeroportunun sərnişin dövriyyəsi 4,3 milyonu ötüb
  25 Oktyabr 2023    Oxunub:1433
2023-cü ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsində sabit artım nümayiş etdirməkdə davam edir.
AzVision.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 25 faiz artaraq 4 milyon 325 min nəfərdən çox həddə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 223 min nəfər təşkil edib.

Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 58,6 %-i xarici aviadaşıyıcıların payına düşüb. Hesabat dövründə bu aviaşirkətlər 2 milyon 214 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir. Bakı aeroportundan sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1,5 milyondan çox sərnişinə beynəlxalq uçuşlarda, 549 min nəfər sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.

Hava limanından ən çox sərnişin Bakıdan İstanbula və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 746 min nəfərdən çox olub. Daşınan sərnişinlərin sayına görə digər pillələrdə ardıcıl olaraq Naxçıvan, Moskva, Dubay və Tbilisi qərarlaşıb.

"Sərnişinlərimizin rahatlığının təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığımızı genişləndirməkdə davam edirik. Həmçinin onlara daha da səmərəli səyahət təcrübəsi təqdim etmək üçün xidmətlərimizin və infrastrukturumuzun təkmilləşdirilməsinə çalışırıq”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov bildirib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 37 aviaşirkət 70 yaxın istiqamətdə müntəzəm uçuşlar yerinə yetirib, onlardan 18-i aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 49 faiz təşkil edib. Ən çox sərnişini “Turkish Airlines”, “AnadoluJet”, “Utair”, “Aeroflot”, “FlyDubai” aviaşirkətləri daşıyıb.

AzVision.az


Teqlər:





Xəbər lenti