Metroda gediş haqqı artırılır? - Rəsmi açıqlama

   Metroda gediş haqqı artırılır? -    Rəsmi açıqlama
  03 Noyabr 2023    Oxunub:1277
Metroda sərnişindaşıma xidməti üzrə tariflərin təsdiq edilməsi səlahiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilməsi xəbərindən sonra sosial şəbəkələrdə qiymətlərin artacağı ilə bağlı məlumatlar paylaşılır.
Bəs qiymətlərin artırılması nəzərdə tutulur?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ qurum tərəfindən müzakirə olunmur.

"Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir", deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən günlərdə “Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov AzərTac-a müsahibəsində bildirmişdi ki,“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti