Mübarək azad edildi

 Mübarək azad edildi
  15 Aprel 2013    Oxunub:1311
“Misir prezidenti cəzasını artıqlaması ilə çəkib.”
Misir məhkəməsi devrilmiş prezident Hüsnü Mübarəyin həbsdən azad edilməsinə qərar verib. Qeyd edək ki, keçmiş prezident 2011-ci il inqilabı zamanı nümayişçilərin öldürülməsində günahlandırılır. Məhkəmənin qərarına görə, “Mübarək, ona qarşı irəli sürülən digər ittihamlarda günahı olmadığı təqdirdə cinayət məsuliyyətindən azad edilir”.

“Eks prezidentin həbsi ilə bağlı qanunla nəzərdə tutulan müddət çoxdan başa çatıb”-deyə Hüsnü Mübarəyin vəkili Fərid əl-Dib bildirib. AzVision.az xəbər verir ki, artıq 1 il yarım Tora həbsxanasında cəza çəkən Hüsnü Mübarəyə verilmiş ömürlük həbs cəzası Apelyasiya məhkəməsinin qərarı ilə ləğv edilib.

Bu arada 2013-cü il aprel ayında keçmiş Misir prezidentinə qarşı yeni cinayət işi qaldırılıb. Bu dəfə o, korrupsiya və dövlət büdcəsini mənimsəməkdə günahlandırılır. Söhbət xəzinədən oğurlanmış 160 milyon dollardan gedir. Aprelin 7-də Misir Ərəb respublikasının baş prokuroru Tələt Abdulla İbrahim, dövlət vəsaitini mənimsəməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində eks prezidentin 15 günlüyə həbsinə qərar verib. Bu işlə bağlı ötən bazar gününə nəzərdə tutulmuş dindirilmə prosesi qeyri müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, məhkəmənin qərarından dərhal sonra, keçmiş diktatorun tərəfdarları ilə əleyhdarları arasında prosesin davam etdiyi binanın qarşısında qarşıdurma baş verib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti