Azərbaycan beynəlxalq konfransda təmsil olunub

Azərbaycan beynəlxalq konfransda təmsil olunub
  10 Noyabr 2023    Oxunub:1051
Energetika nazirinin müavini Samir Vəliyev Buxarestdə keçirilmiş VI Rumıniya Beynəlxalq Qaz Konfransının "Regional təhlükəsizlik" adlı nazirlər panelində çıxış edib.
AzVision.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, o, ötən lin iyulunda Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını, bununla da Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsinə, təbii qaz təchizatının artırılmasına zəmin yarandığını xatırladıb. Nazir müavini bildirib ki, o vaxtdan CQD-nin genişləndirilməsinin maliyyələşdirilməsi üçün Azərbaycan, Avropa Komissiyası, beynəlxalq maliyyə təşkilatları və genişləndirilmiş infrastruktur vasitəsilə çatdırılacaq qazın təminatlı alınması üçün Avropadakı potensial alıcılarla intensiv əlaqələr davam etdirilir.

S.Vəliyev Azərbaycandan Avropaya təbii qaz ixracı ilə bağlı statistik məlumatları da bölüşüb: “2022-ci ildə Azərbaycan Avropaya 11,4 milyard kubmetr qaz ixrac etmişdisə, 2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. CQD vasitəsilə “Şahdəniz” yatağından tədarükün hər il 1 milyard kubmetr artırılması planlaşdırılır”.

O, çıxışında Azərbaycanın gələcək qaz təchizatı mənbələrinə toxunub, bildirib ki, 2028-ci ilə qədər Xəzər dənizinin Azərbaycana məxsus hissəsində işlənməkdə olan seçilmiş yataqlardan, o cümlədən "Ümid", "Azəri-Çıraq-Günəşli" Dərin Qaz layihələri, eləcə də istismar olunan "Abşeron" yatağından böyük həcmdə təbii qazın bazara çıxarılması gözlənilir. Eyni zamanda, Azərbaycanın yaşıl enerji gündəliyi və enerji səmərəliliyi tədbirləri hesabına qənaət olunacaq qazın da əlavə tədarükün mühüm mənbəyi olacağı qeyd edilib: “2027-ci ilin sonuna qədər 1 862 MVt gücündə külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır ki, bu da 1 milyard kubmetrdən çox qazın sərbəstləşməsi deməkdir”.

Nazir müavini həmçinin bildirib ki, Azərbaycan yaşıl enerji ölkəsi kimi inkişafı ilə bağlı bütün strateji məqsədlərini reallaşdırmaq, Avropanın enerji təhlükəsizliyinə və yaşıl keçidə töhfə vermək əzmindədir və bu məqsədlə bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, yaşıl enerji sahəsində ilkin mərhələdə dörd ölkəni əhatə edən beynəlxalq əməkdaşlıq platforması da yaradılıb. O, reallaşdırılacaq külək elektrik stansiyalarından ötürücü xətlər, o cümlədən Qara dəniz sualtı kabeli vasitəsilə Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması layihəsi üzərində işlər getdiyini qeyd edib, ilkin mərhələdə 4 QVt gücün Qara dəniz vasitəsilə Avropaya, 1 QVt həcmin isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti