Bu şəxslər ƏDV və gömrük rüsumlarından azad edilə bilər

   Bu şəxslər ƏDV və gömrük rüsumlarından azad edilə bilər
  13 Noyabr 2023    Oxunub:1146
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materialların ƏDV və gömrük rüsumlarından azad edilməsi, sahibkarlıq subyektlərinin mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad edilməsi sahəsində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin, habelə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmət tarifləri üzrə müvafiq güzəştlərin tətbiqi ilə bağlı işlərə start verilib.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində sahibkarlara verilən kreditlərin 90%-dək hissəsinin dövlət zəmanəti ilə təmin olunması, faizlərin isə 10% bəndinin subsidiyalaşdırılması nəzərdə tutulur:

“Bu ərazilərdə yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması üçün Ağdam rayonunda 190 ha sahədə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 ha ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Bugünədək Ağdam Sənaye Parkında ümumi layihə dəyəri 104,0 mln. ABŞ dolları olan 19 müəssisə rezident, 6 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye parkında 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi layihə dəyəri 19,2 mln. ABŞ dolları olan 5 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınmışdır. Bu sənaye parkında 420-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

“2022-ci ildə və 2023-cü ilin 10 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında ümumilikdə 771 min ha ərazidə elektron kadastr uçotu və yerquruluşu işləri, 594 min ha ərazidə torpaq tədqiqatı işləri, 424 min ha ərazidə geobotaniki tədqiqat işləri yekunlaşmış, müvafiq məlumatlar Torpaqların Elektron Kadastr Uçotu Sisteminə inteqrasiya edilib. Bu işlər həmin ərazilərdə torpaq ehtiyatlarının effektiv idarə edilməsi və istifadə olunması, kənd təsərrüfatının inkişaf potensialının səmərəli reallaşdırılması və məhsuldarlığın artırılması üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti