“Muğanbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün banklar müəyyən olunub

“Muğanbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün banklar müəyyən olunub
  14 Noyabr 2023    Oxunub:1000
Noyabrın 27-dən başlayaraq “Muğanbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC vasitəsilə həyata keçiriləcək.
AzVision.az bu barədə "Muğan Bank"ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

"Əmanətlərin sığortalanması haqqında" Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Muğan Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

“Əmanətçilərdən kompensasiyaların alınması üçün Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank"ın istənilən filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir”, - məlumatda deyilir.

Qorunan əmanətçilər ərizə formalarını noyabrın 27-dən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin filial və şöbələrindən, eyni zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi bu bankların bütün filial və şöbələri tərəfindən həyata keçiriləcək.

Əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Qanuna uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 %-i həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 %-i həcmində ödəniləcək.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin, qanuna uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü il müəyyən edilib.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə etmək mümkündür.
AzVision.az



Teqlər:





Xəbər lenti