Zəngəzur dəhlizi haqda kitab dərc olundu

Zəngəzur dəhlizi haqda kitab dərc olundu
  15 Noyabr 2023    Oxunub:1790
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib. Bu, müəllifin sayca 22-ci kitabıdır.
44 günlük müharibədən sonra regionda çox ciddi dəyişikliklər baş verməkdədir. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək yeni dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır.

Müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar ciddi əhəmiyyət daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi çox aktualdır.

Təqdim edilən kitab “Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri”, “Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər” və “Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr” başlıqlı mövzuları əhatə edir.

Kitabın mənbəşünaslıq bazasını arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib.

Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır. Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektívlərini təhlil edir.


Teqlər: Kitab   Zəngəzur  





Xəbər lenti