"SİMA İmza" ilə MİDA-nın "güzəştli mənzil"inə sahib olmaq mümkün olacaq

"SİMA İmza" ilə MİDA-nın "güzəştli mənzil"inə sahib olmaq mümkün olacaq
  17 Noyabr 2023    Oxunub:1613
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza dövlət qurumları ilə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
AzVision.az xəbər verir ki, “SİMA İmza”nın yeni tərəfdaşı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) olub. Güzəştlə mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək məqsədilə “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaq imkanı yaradılıb.

Artıq MİDA-nın sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən vətəndaşlar “SİMA İmza”dan istifadə edərək “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçə, mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetlərinə daxil ola və satış günü mənzil seçimi ərizələrini imzalaya bilərlər.

Bundan əlavə, mənzilləri kreditlə əldə etmək istəyən şəxslər əvvəlcədən razılıq alınmış agent banklarla kredit müqaviləsini “e-gov.az” üzərindən “SİMA İmza” vasitəsilə imzalaya bilərlər.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən açıqlanan məlumata əsasən, 16 dekabr 2023-cü il tarixində saat 11:00-da Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumilikdə 432 mənzilin satışı həyata keçiriləcək.

“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

AzVision.az


Teqlər:





Xəbər lenti