Mərkəzi Bankdan SMS məlumatlandırma qiymətlərinin artmasına münasibət

Mərkəzi Bankdan SMS məlumatlandırma qiymətlərinin artmasına    münasibət
  17 Noyabr 2023    Oxunub:1439
"Bir neçə bank sms məlumatlandırma xidmətləri üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Bu tariflər təqribən 40 qəpikdən 1 manata qədər artırılıb".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib. O bildirib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:

“Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı sms-qiymətləndirmə tariflərində təqribən 70 % artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər”.

R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə sms məlumatlandırma üzrə xidmət haqları alınmır: “Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Onlardan bu xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə sms məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə sms məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bu bankların çoxu tərəfindən müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar sms məlumatlandırmadan imtina edirlər”.

“Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur. "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur”, - deyə R.Orucov əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti