Tarixi dəyişən babasil: Ridli Skott Napoleonun hansı sirlərini açır

  Tarixi dəyişən babasil:  Ridli Skott Napoleonun hansı sirlərini açır
  21 Noyabr 2023    Oxunub:2913
Hazırda bütün dünyanın kinomanları, xüsusilə tarixi film həvəskarları nəfəslərini qısaraq, əfsanəvi rejissor Ridli Skottun “Napoleon” filminin ekranlara çıxmasını gözləyirlər. Fransanın ilk imperatorunun haqqında film çəkmək ideyası Skottun özünə məxsusdur. Filmin ssenarisini David Skarpa yazıb. O, “Dünyanın bütün pulları" filmində də Skottla əməkdaşlıq etmişdi.
Çəkilişləri Fox Film studiyası maliyyələşdirməli idi, lakin görünür, layihə studiyaya maraqlı gəlməyib deyə, 2021-ci ilin yanvarında filmin hüquqlarını “Apple” aldı. 2022-ci ilin fevralında başlayan çəkilişlər 62 gün ərzində İngiltərə və Maltada aparılıb. Prosesi sürətləndirmək üçün Skott hər çəkilişi 8 kamera ilə lentə alıb, döyüş səhnələrində isə onların sayı 11-ə çatıb. Filmin son versiyası təxminən üç saat davam edir. Lakin Ridlinin Napoleon Bonapartın xanımı Jozefina Boharne ilə görüşməzdən əvvəlki həyatını daha geniş əks etdirən dörd saat yarımlıq versiyası da var. Rejissor ümid edir ki, bir gün “Apple” onu da ictimaiyyətə təqdim edəcək.


Skottun yeni işində əsas diqqət Napoleon Bonapartın mənşəyindən tutmuş, imperator statusuna yüksəlməsinə qədərki dövrə yönəlib. Onun şəxsiyyətinə təkcə nailiyyətləri prizmasından yox, həyat yoldaşı Jozefina ilə münasibətləri fonunda nəzər yetirilir. Film Napoleonun məşhur döyüşlərini, ambisiyalarını, heyrətamiz strateji ağlını və hərbi lider kimi istedadını əks etdirir.

“Napoleonun döyüş meydanında necə bir yırtıcıya çevrildiyini hamımız bilirik. O, aldada, məhv edə, öldürə bilərdi. Amma Napoleonun Axilles dabanı Jozefina idi. Ən maraqlısı isə budur ki, bu balaca adam qadının qəlbini ələ ala bilmədi” ,- rejissor deyir.

Skott Napoleon rolunu bir an belə tərəddüd etmədən Xoakin Feniksə verib. Onlar hələ 20 il bundan öncə "Qladiator" filmində birlikdə çalışıblar. Aktyor Roma imperatoru Kommodun obrazını canlandırıb. Bu rola görə “Oskar” mükafatına namizəd göstərilib.


“Xoakin indiyə qədər işlədiyim ən yaxşı aktyorlardan biridir. Ona baxır və düşünürdüm ki, bu balaca iblis əsl Napoleondur. O, hətta eynən Napoleona bənzəyir” ,- deyən Skott etiraf edib ki, "Joker" filmindəki rolu Feniksi layihəyə dəvət etmək ideyasını yaradıb.

Xoakin Feniks “Qladiator” filminin çəkilişini böyük həvəslə xatırlayır. "Napoleon haqqında bir-biri ilə razılaşan iki insan tapmaq çətindir, bu, məni heyrətləndirir. Onun haqqında çoxlu məlumat var və əksər mənbələr bir-birilə ziddiyyət təşkil edir. Əgər Bonapartı həqiqətən dərk etmək istəyirsinizsə, özünüzü mövzuya qərq etməlisiniz" ,- Feniks deyir.

Skott xatırlayır ki, çəkilişlərə başlamazdan iki həftə əvvəl Feniks onun yanına gələrək, nə edəcəyi barədə heç bir fikri olmadığını etiraf edib: "Sonra biz birlikdə oturduq və on gün ərzində bütün ssenarini - hər bir səhnəni, detalı təhlil etdik” .



Jozefina roluna "Son duel" filminin çəkilişlərində Skottla birlikdə işləyən Codi Komer çəkilməli idi. Ancaq iş elə gətirir ki, aktrisanın "Prima Facie" monotamaşasına görə iş qrafiki uyğun gəlmir və layihədən getməli olur. Beləliklə, rol Vanessa Kirbiyə həvalə edilir. Bu haqda Skott deyir: ”Sonda hər şey yaxşılığa doğru oldu. Codi möhtəşəm tamaşada oynadı, biz isə Vanessa Kirbini qazandıq" .



Vanessanın rola hazırlaşması üçün cəmi bir ay vaxtı var idi. Kirbi Jozefina haqqında bir neçə kitab oxuyur, onun Malmeysondakı iqamətgahını və məzarını ziyarət edir. Bu, aktrisaya qəhrəmanla emosional əlaqə hiss etmək üçün lazım idi. “Onu başa düşmək çətin idi. Jozefina tam bir ziddiyyətdir. Hər kitab, hər sənəd, hər məktub onu bir az da işığa çıxarırdı” , - Kirbi deyib.

Napoleon və Jozefinanın boşanma səhnəsində Feniks xəbərdarlıq etmədən Kirbinin üzünə sillə vurub. Skott həmin səhnəni belə xatırlayır: “Çəkilişdəki hər kəs nəfəsini qısdı. Və darıxdırıcı səhnə birdən-birə möcüzəyə çevrildi" .


Napoleon sağlığında altmış döyüşdə iştirak edib. Skott onlardan yalnız altı irimiqyaslı döyüş səhnəsi ekrana gətirib. "Seks kimi, filmdəki hərəkətlilik də darıxdırıcı ola bilər. İnsanlar həmişə hərəkətliliyin filmin əsas məqamı olduğunu düşünürlər. Lakin parlaq dialoq da maraqlı ola bilər və biz buna çalışmalıyıq" ,- Skott deyir.

Vaterloo döyüşünü çəkmək üçün Skott 800-dən çox aktyordan istifadə edib: “Mən Napoleonu Makedoniyalı İsgəndərlə, Adolf Hitlerlə, Stalinlə müqayisə edirəm. O, çox pis işlər görüb. Amma onun cəsarətini, hazırcavablığını, üstünlüyünü qeyd etməmək olmaz. O, inanılmaz idi” .


Rejissor əmindir ki, Napaleonun babasili olmasaydı, Avropanın tarixi tamamilə fərqli cərəyan edə bilərdi. “Vaterlo döyüşü günü Napoleon çox şiddətli babasil tutmasından əziyyət çəkib. Bundan xəbəriniz var idimi? Bu, arxanızdakı diş ağrısına bənzəyir. Edə biləcəyiniz heç nə yoxdur" ,- Skott "Empire"nin müxbirlərinə deyib. Filmin orijinal ssenarisində Napoleonun döyüşdən əvvəl səhər tualetdə oturduğu, sonra ayağa qalxıb qan gördüyü səhnə var. Napoleon Vaterloo döyüşü gününü tər içində və babasildən əziyyət çəkərək keçirib. Ancaq sonda babasil ilə bağlı bütün səhnələr filmdən çıxarılıb. Rejissor belə qənaətə gəlib ki, babasil söhbəti diqqəti baş verənlərdən yayındıra bilər.



Ridli Skott əvvəlcə filmi “Kitbag” adı ilə buraxmağı planlaşdırırdı. Bu ad Napoleonun hədsiz ambisiyaları kontekstində tez-tez xatırlanan ümumi deyimlə əlaqələndirilirdi: Hər əsgərin çantasında bir generalın əsası gizlənir. Amma sonda rejissor və studiya işləri çətinləşdirməmək qərarına gəlirlər və epik filmi asan başa düşülən "Napoleon" adı altında buraxmağa qərar verirlər.

"Napoleon"un rəsmi treyleri 10 iyul 2023-cü ildə yayımlanıb. Treylərdə hərb səhnələri, Napoleon və Jozefinanın romantik münasibətləri göstərilir. İkinci treyler oktyabrın 18-də paylaşılıb. Burada "Black Sabbath"ın “War Pigs” (“Müharibə Donuzları”) kompozisiyasının işlənmiş versiyası altında Fransa inqilabına və Napoleonun hakimiyyətə qalxan yoluna yer verilib.


Dünya mətbuatı filmlə bağlı təriflər yağdırır:

• “The Messenger”: "Kirbi sadəcə valehedicidir".
• “The Hollywood Reporter” : "Kirbinin hiyləgər ağlı, pişik həssaslığı və fitri kraliça keyfiyyəti Jozefinanı daha maraqlı bir personaj edir və Napoleonun ona aludəçiliyinin sirrini açır".
• “The Guardian”: "Feniks filmin "açarı"dır. Onun oyunu personajının dağıtdığı bir qədəh burqund çaxırı qədər təsirli, məğrur, düşündürən, coşğulu və möhtəşəmdir".

“Deadline” isə filmdə belə bir nöqsan tapıb: “Skottun Napoleonu həm sevgilidir, həm də döyüşçü. Bu ikili təbiət tonda kəskin dəyişikliklərə və narahat epizodik hekayəyə gətirib çıxarır. Bu, tamaşaçını tarixlər, adlar və yerlər baxımından karıxdırır”.
“The Hollywood Reporter” xatırladır ki, əvvəlcə Skott personajın bütün hərbi karyerasının tam icmalını təqdim etmək niyyətində idi. Ancaq bitib-tükənməyən piyada döyüşləri, gizli hücumlar və qan tökülmələrilə belə, Napoleon tez-tez anlaşılmaz, darıxdırıcı və bayağı görünərdi. Skott isə Napoleonu maraqlı göstərməyin optimal reseptini tapıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kino   Napoleon  





Xəbər lenti