O qeyd edib ki, “Mən bu gün mühüm siqnal göndərmək üçün buradayam: Birləşmiş Ştatlar həm indi, həm də gələcəkdə Rusiyanın təcavüzünə qarşı azadlıq mübarizəsində Ukraynaya dəstəyini davam etdirəcək".
ABŞ-da Ukraynaya yardımın həcmi, vaxtı ilə bağlı davam edən müzakirələr, eləcə də bu səbəbdən Avropa İttifaqında (Aİ) artan narahatlıq və qeyri-müəyyənlik fonunda Ostinin səfərini həqiqətən də əhəmiyyətli jest saymaq olar.
Ancaq aydın məsələdir ki, o, Kiyevə təkcə “siqnal göndərmək” xatirinə getməyib.
Rusiya mediası Lloydun Ukraynaya sözün həqiqi mənasında kəşfiyyat üçün gəldiyini iddia edir.
"Kommersant" nəşri yazır ki, Pentaqon rəhbəri üçün cəbhə bölgəsindəki vəziyyəti şəxsən öyrənmək və Ukrayna komandanlığının strateji planları ilə tanış olmaq vacib idi. Bütün bunlar həm də Ağ Evin niyə Ukrayna üçün daha çox maliyyə tələb etməsini ABŞ Konqresinə inandırıcı şəkildə izah etməyə hesablanıb.
Pentaqonun başçısı Kiyevdədir |
Noyabrın 19-da Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla telefon danışığı aparması da diqqət çəkmişdi. Tərəflər “döyüş meydanındakı son hadisələri”, "Ramşteyn" formatında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 22 noyabrda planlaşdırılan iclasını müzakirə ediblər.
Məlum oldu ki, bu telefon danışığı təmasların intensivləşdirilməsinin yalnız başlanğıcıdır. Bir gün sonra Lloyd Ostin Kiyevdə peyda oldu. Onun gəlişi digər xarici siyasətçilərin və rəsmilərin səfərləri kimi təhlükəsizlik səbəbi ilə əvvəlcədən elan edilmədi.
Əslində Ostin il yarım ərzində "mühüm siqnal" fikrini bir neçə dəfə təkrarlayıb. Amma məlum mesajların ardınca hərbi yardımların sonrakı parametrləri ilə bağlı qeyri-müəyyənlik hökm sürdü. Bu isə xeyli suallar doğurur. Belə çıxır ki, Lloyd Ostinin Kiyevdə peyda olmaqla sadəcə ukraynalıları sakitləşdirməyə çalışır.
Maraqlıdır ki, bu səfər ərəfəsində "NBC" telekanalı ABŞ Konqresi liderlərinin Co Baydenin Ukrayna və İsrailə (həmçinin Tayvana və ölkənin cənubunun gücləndirilməsinə) 106 milyard dollar yardım üçün maliyyə tələbini təmin edəcək qanunlar hazırlamaq niyyətində olduğunu bəyan etmişdi. Senatorlar və Nümayəndələr Palatasının üzvləri ümid edirlər ki, Şükranlıq Günündən sonra (23 noyabr-red) məsələni tam razılaşdıra və yekunda Milad bayramına qədər (25 dekabr) sənədi təsdiq edə biləcəklər. Konqresdə etiraf edirlər ki, Baydenin mövzu ilə bağlı tələbi müəyyən dəyişikliklər yaradacaq. Lakin həm Ukrayna, həm də İsrail çoxdan gözlənilən maliyyəni almaq üçün hələ də yaxşı şanslara malikdir.
Aydın məsələdir ki, Konqres üzvlərinin ortaq məxrəcə gəlməsi, mövqeləri razılaşdırmaq asan olmayacaq. Buna baxmayaraq, bəzi əlamətlər qanunvericilərin öz aralarında güzəştə getməyə hazır olduğunu göstərir.
Lloyd Ostinlə birlikdə ABŞ-ın aparıcı mühafizəkar bölümünün nümayəndələri də Kiyevdə oldu. Onların Ukrayna prezidenti tərəfindən qəbul edilməsi isə simvolik xarakter daşıdı.
Hazırda Ostin Kiyevə maliyyə yardımlarını artırmaqla bağlı ABŞ daxilində aparılan məlum müzakirə və danışıqlara kömək etməyə çalışır. O, cəbhədə baş verənləri, Ukrayna komandanlığının gələcək planlarını daha dərindən araşdırmağa ehtiyac duyub.
“The Washington Post” Pentaqon nümayəndələrinə istinadən yazıb ki, səfər zamanı Ostinin rəhbərlik etdiyi nümayəndə heyəti ukraynalı həmkarlarından, ilk növbədə, gələcək hərbi strategiyalarını necə gördüklərini öyrənməyə çalışıb. Xüsusilə, onları qış ayları, yəni Kiyevin Qərb müttəfiqlərinin böyük dəstək göstərdiyi uğursuz əks-hücumundan sonrakı dövr üçün planlar maraqlandırıb.
Başqa sözlə, “lazım olduğu qədər” dəstəyi vəd etməklə yanaşı, baş verənlərin və planlaşdırılan proseslərin konturları daha ətraflı öyrənilir. Çünki son zamanlar Ukraynanın siyasi və hərbi rəhbərliyi arasında ciddi qalmaqalların yarandığını da nəzərə almaq lazımdır. Ordu rəsmiləri ilə ölkə rəhbəri arasında bir neçə dəfə gələcək durum və cəbhədəki mövcud vəziyyətə dair mübahisələr baş verir.
Pentaqon rəhbəri bəlkə də Kiyevdə öyrənmək istədiyi bütün bu kimi ölkədaxili problemlərin detallarını əldə edib.
Ostin Ukraynada olarkən ABŞ-ın maliyyə naziri Janet Yellen CNBC telekanalında Kiyevə “daxili cəbhədə döyüşü uduzmasına” icazə verilə bilməz deməsi də diqqət çəkdi. O, Ukraynanın ABŞ-dan “tamamilə yardım asılılığında olduğunu” deyib. Nazir həmçinin amerikalıları əmin edib ki, Ukrayna və İsrailə çoxmilyardlı maliyyə vəsaitinin ayrılması məhz ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına cavab verir.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da noyabrın 20-də mövzuya reaksiya verib. O deyib ki, ABŞ Ukrayna münaqişəsinin mümkün həllinə dair Rusiya tərəfi ilə əlaqə saxlamağa cəhd etməyib. Əvvəllər isə o, bəyan edirdi ki, Moskva danışıqlara hazırdır. Kiyevin müttəfiqlərinin Ukraynaya yeni silahlar tədarükünə hazırlaşması isə Rusiyanı hədəflərini dəyişməyə məcbur etməyəcək.
Yeri gəlmişkən, Ostin Vladimir Zelenski ilə görüşündən sonra bu mövzuya da toxunub. O qeyd edib ki, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə “Ukraynanın təcili döyüş, eləcə də uzunmüddətli müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcək”.
Tural Tağıyev
AzVision.az