Rusiya əti çəyirtkəyə dəyişir?

 Rusiya  əti çəyirtkəyə  dəyişir?
  22 Noyabr 2023    Oxunub:4907
Avropa Komissiyasının həşəratlardan qida kimi istehlakı təsdiqləməsi bu mövzuda olan müzakirələri genişləndirib. Hətta Avropada Asiyada olduğu kimi kriketlərdən(böcək-red.) və un qurdlarından hazırlanmış xüsusi tozun qidalarda istifadəsinə, Asiya çəyirtkə sürfələrinin satışına da icazə verilib.
Məsələ Rusiyada da aktuallaşıb. Lakin Rusiyanın Milli Ət Assosiasiyasının rəhbəri Sergey Yuşin yerli mediaya açıqlamasında deyib ki, həşəratlar ətraf mühitə daha az zərər verən ət məhsullarına alternativ zülal mənbəyi hesab edilsə də, ruslar çətin ki, belə pəhrizə keçsinlər. Onun fikrincə, adi ətə alışmış insanlar ondan imtina edə bilməyəcəklər.

Həşəratlar əsas qidaya çevrilir: İtaliyada ilk dəfə böcəkli çörək bişirildi
"Ruslar həşərat yeməyə hazırlaşmırlar. Buna heç ehtiyac da yoxdur",- Yuşin qeyd edib.

Onun sözlərinə görə Rusiyada kifayət qədər ət ehtiyatları var: "Bizdə insanlar ət yeyirlər. Bu, bizim çoxəsrlik mədəniyyətimizdir”.

Mütəxəssis insanların müəyyən səbəblərdən böcəkləri yediyini vurğulayıb. Bu cür hallar xüsusilə çox yoxsul ölkələrdə baş verir. Həmin geridə qalmış ölkələrdə insanlar asanlıqla “daxmalarının hər küncündə” belə həşəratları tapıb tuta bilirlər.

Bununla belə, ekspert bəzi xalqların həşəratlarla qidalanmasında qeyri-adi heç nə görmədiyini deyib: “Əslində kriketlərdən istifadə və böcək istehlakında qeyri-adi bir şey yoxdur. Dünyanın yarısı onları yeyir. Qurbağaları da, ilbizləri də yeyirik. İstiridyələr kriketlərdən nə ilə fərqlənir? Əlbəttə heç nəylə...”.

Qeyd edək ki, Rusiyada alimlər artıq həşəratlardan istifadə edilə biləcək reseptlər hazırlayıblar.
Ötən ay isə tezliklə Rusiya mağazalarında kriketlərdən hazırlanmış məhsulların peyda olacağına dair məlumatlar yayılmışdı. İstehsalçının Moskva vilayətində və Stavropol bölgəsində yerləşdiyi iddia olunurdu.

Xatırladaq ki, Avropa Komissiyası bu ilin yanvarın 24-dən etibarən kriketlərdən və un qurdlarından hazırlanmış xüsusi tozun qidalarda istifadəsinə rəsmi icazə verib.
Brüsselin yandırdığı bu "yaşıl işıqdan" isə ilk olaraq Turindəki məşhur çörək zavodu "Tellia" istifadə etdi. "Tellia" İtaliyada "kriket un"undan istifadə edərək ilk çörək bişirın şirkət oldu.

Qeyd edək ki, bəzi Asiya ölkələrində əsrlər boyu həşəratlardan müxtəlif formada əsas qida vasitəsi kimi istifadə edilsə də, Avropada belə bir təcrübə yoxdur. Yalnız son illərdə bir sıra həşəratların toz halında qidalara vurulması təbliğ edilib ki, bu da əsl və təbii protein qəbulu ilə əlaqələndirilir. Ancaq asiyalılardan fərqli olaraq avropalılarda həşəratlı qidaların ciddi alergiya xəstəliklərə yaradacağı proqnozlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ət   Həşərat  





Xəbər lenti