“Taxta bazarı”ndakı əmlaklar sığortalanmayıb" - ASA

   “Taxta bazarı”ndakı əmlaklar sığortalanmayıb" -    ASA
  23 Noyabr 2023    Oxunub:1207
"Paytaxtın Ziya Bünyadov prospektində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında baş verən yanğın hadisəsinin sığorta tərəfi ilə əlaqədar Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq araşdırma apardıq. Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada Daşınmaz əmlakın icbari sığortası yox, Əmlakların yanğından və digər risklərdən sığortası növü aktualdır".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) bu gün yayılan açıqlamasında qeyd olunub.

Bildirilib ki, ilkin məlumatlara görə, bazarda mövcud olan daşınar əmlakların sığortası olmayıb.

"Əmlakların yanğından və digər risklərdən sığortası növünün könüllü sığorta növü olduğunu nəzərə alsaq, mövcud bazardakı mal və materialların sığortasının olmaması bir neçə səbəbdən qaynaqlana bilər. Burada ya sahibkarların sığortaya biganə yanaşması, ya da sahibkarlar tərəfindən sığortalanmaq üçün lazımi tələblərə riayət olunmaması halları kimi amillər başlıca səbəb ola bilər. Hər bir halda bu kimi hadisələr bir daha onu göstərir ki, daşınmaz və daşınar əmlakların sığortası bu kimi hallar nəticəsində yarana biləcək maddi itkini qarşılamaq üçün nəzərdə tutulub və vacib əhəmiyyətlidir", - deyə əlavə olunub.

ASA həmçinin diqqətə çatdırıb ki, daşınmaz əmlakın icbari sığortası hər bir əmlak sahibi üçün məcburidir. Burada yaşayış əmlakları üçün tariflər Bakı şəhərinə münasibətdə 50 manat, təminat məbləği 25 min manata qədər, Sumqayıt, Gəncə Naxçıvan şəhərlərinə münasibətdə tariflər 40 manat, təminat məbləği 20 min manata qədər, digər şəhər və rayonlara münasibətdə isə tariflər 30 manat, təminat məbləği isə 15 min manat qədərdir. Qeyri-yaşayış əmlakları üçün isə tariflər müvafiq əmlakın yeri, həcmi və təyinatı nəzərə alınmaqla hesablanır:

"Əmlakların yanğından və digər risklərdən sığortası növü könüllüdür və xüsusilə daşınar əmlaklara şamil edilir. Burada başlıca tələb sığortalanan daşınar əmlakın müvaifq sənədlərinin qaydasında olmasından ibarətdir. Onu da vurğulamaq istəyirik ki, əmlak sahibləri daşınmaz əmlaklarını sığorta etdirərkən bu sığorta növü ilə təminat məbləğlərini artıra da bilərlər".

AzVision.az


Teqlər:





Xəbər lenti