Qazaxıstan Özbəkistanla sərhədə yeni dəmir yolu tikilir

   Qazaxıstan Özbəkistanla sərhədə yeni dəmir yolu tikilir
  27 Noyabr 2023    Oxunub:1458
Qazaxıstanın Türküstan bölgəsində Özbəkistanla sərhədə qədər yeni Darbaza-Məktəaral dəmir yolu xəttinin tikintisinə başlanılıb.
Telekörpü vasitəsilə işə rəsmi startı Qazaxıstanın Baş naziri Əlixan Smailov verib.
“Dövlət başçısı Qasım-Jomart Tokayevin tapşırığı ilə respublikanın nəqliyyat-tranzit potensialının daha da inkişafına yönəlmiş böyük infrastruktur layihəsi həyata keçirilir. Onun çərçivəsində Qazaxıstan-Özbəkistan dövlət sərhədində yeni keçid məntəqəsi açılacaq”-deyə, o bildirib.

Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və bütövlükdə Özbəkistan istiqamətində ixrac daşımalarının artırılmasına imkan verəcək. Bundan əlavə, layihə Türküstan bölgəsini respublikanın əsas dəmir yolu şəbəkəsinə birləşdirərək onun inkişafına töhfə verəcək.

Qazaxıstan hökumətinin başçısı vurğulayıb ki, ilin sonuna qədər Özbəkistanla yükdaşımaların həcmi təxminən 31 milyon ton həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 16% çoxdur: “Bu hissənin imkanlarını genişləndirmək, eləcə də ölkəmizin ixrac və tranzit potensialını artırmaq üçün biz böyük dəmir yolu layihəsinin - yeni Darbaza-Maktaaral xəttinin tikintisinə başlayırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti