MİT "Mossad"a qarşı - "Dəmir Qübbə"ni çökdürən necə xilas edilib?

  MİT "Mossad"a qarşı  - "Dəmir Qübbə"ni çökdürən necə xilas edilib?
  28 Noyabr 2023    Oxunub:4033
İsrail və Türkiyə kəşfiyyat orqanları dünyanın ən güclü hakerlərindən biri olan Ömər A.-ya görə üz-üzə gəliblər. Üç illik araşdırmalardan sonra İsrail kəşfiyyatı müəyyən edib ki, Qəzzadan olan Ömər adlı gənc 2015 və 2016-cı illərdə "Dəmir Qübbə"lərə aid sistemə müdaxilə edib. Nəticədə o, sistemi çökdürməyi bacararaq HƏMAS hərəkatının hərbi qanadı olan "Əl-Qəssam" briqadalarına İsrailə raket zərbələri endirməsində yardımçı olub.
Yalnız ötən il İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) əməliyyatçıları Öməri qaçırmağı bacarıblar. Ancaq Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşlarının və malayziyalı xüsusi təyinatlıların müdaxiləsindən sonra haker qısa zamanda xilas edilib.

Ömər kimdir, ələalma əməliyyatları nə vaxtdan başlayıb?

Qəzza İslam Universitetinin kompüter proqramlaşdırması ixtisası üzrə məzunu olan 1991-ci il təvəllüdlü gənc Qəzzanın Daxili İşlər Nazirliyi üçün Android əməliyyat sistemli mobil telefonlara nüfuz edə bilən haker proqram təminatını yaradıb.

MOSSAD-ın filmlərə çevrilən əməliyyatı: Eyxman necə oğurlanmışdı – TAM MƏXFİ
Məhz bu amil onu potensial hədəf kimi "Mossad"ın siyahısına salıb. Kəşfiyyatçılar hakeri müəyyən üsullarla ələ almaq üçün 2019-cu ildə Norveç proqram şirkəti vasitəsilə ona iş təklif ediblər. Lakin Ömər bu sövdələşmədə İsrailin əlinin olmasından şübhələnərək təklifi rədd edib.

Ömər A.
Ömər 2020-ci ildə İstanbula köçüb. Amma "Mossad" onu Türkiyədə də rahat buraxmayaraq təqib edib. Təbii ki, MİT də onun Türkiyədə yaşadığı evdən xəbərdar idi. Çünki o, haker, güclü proqramçı kimi fəaliyyət göstərirdi və belə şəxslər xüsusi xidmət orqanlarının gözündən yayınmırlar.

2021-ci ilin aprel ayında özünü Fransanın "Think Hire" şirkətinin insan hüquqları üzrə meneceri kimi təqdim edən Raed Qazal adlı agent onunla əlaqə qurub. Qazal yenidən Ömərə iş -əməkdaşlıqlar təklif edib. Agent İstanbulda Ömərdən iki dəfə “müsahibə” də almağı bacarıb. Raed hər cəhdlə onu şirkətlərinə qoşulmağa razı salmağa çalışıb.

Raed Qazal
Qazaldan sonra "Mossad"ın başqa bir əməkdaşı Ömər Şalabi də Fransa “şirkəti” adından onunla əlaqə saxlayıb. O, Ömərə onlar üçün proqram təminatı hazırlamaq üçün 10 min dollar təklif edib.

Ömər öz işini görüb və fransız şirkəti vəd etdiyi pulu ona ödəyib. 2022-ci ilin iyun ayında isə Ömər Nikola Radonius adlı başqa bir "Mossad" əməliyyatçısı ilə əlaqə saxlayıb. Ona Braziliyada və ya elə İstanbulun özünə işlər təklif edilib. Nikolanı İsrail kəşfiyyatı üçün işləyən və özünü fərqli sahənin əməkdaşları kimi təqdim edən daha üç nəfər müşayiət edib.

Nikola Radonius
Onlar Öməri onlayn layihələr həyata keçirən komandalarına qoşulmağın perspektivinə inandırmağa çalışıblar. Radonius gənci layihə üçün xaricə getməyi də təklif edib. Çünki "Mossad" Öməri ələ keçirərək dindirmək üçün Təl-Əvivə gətirmək niyyətində idi. Hətta iş o yerə çatıb ki, Ömər təklifi qəbul etmək üzrə imiş. Lakin MİT onunla əlaqə saxlayıb və belə bir sxemin mövcud olmasını xəbərdarlıq edib.

Lakin "Mossad" əməliyyatçıları təslim olmayıblar. Ömər qərara gəlib ki, 2022-ci ilin sentyabrında Malayziyaya tətilə getsin. MİT-in əks-kəşfiyyat idarəsinin İstanbul şöbəsi yenidən işə qarışıb. Əməliyyatçılar onun cib telefonuna izləmə proqramı quraşdıraraq, hakerə xaricdə qaçırılma ehtimalının artması barədə xəbərdarlıq ediblər. Həqiqətən də, türk kəşfiyyatçıların proqnozu doğru olub. Ömər bir neçə gün sonra Kuala Lumpurda qaçırılıb və Malayziyanın paytaxtından təxminən 50 kilometr uzaqlıqdakı ucqar bir evə aparılıb. O burada "Mossad"a işləyən şəxslər tərəfindən 36 saat dindirilib və işgəncələrə də məruz qalıb. Təl-Əvivdəki "Mossad" əməliyyatçılarının xüsusi videobağlantı vasitəsilə dindirməyə qoşulduğu da deyilir.

O, "Dəmir Qübbə" sisteminə müdaxilə, proqramı sındırmaq üçün istifadə etdiyi üsullar və hazırladığı Android üçün məlum haker proqramı ilə bağlı sorğu-sual edilib. MİT qaçırılmadan xəbər tutanda Türkiyə rəsmiləri Malayziya rəsmiləri ilə əlaqə saxlayıblar. Onlar izləmə proqramından istifadə edərək həmkarlarına Ömərin saxlandığı yeri müəyyənləşdirməyə kömək ediblər. Türklər qeyd ediblər ki, "bu çox vacib şəxsdir!". Bundan sonra Malayziya təhlükəsizlik qüvvələri və xüsusi təyinatlılar evə basqın əməliyyatı həyata keçirməklə Öməri salamat ələ keçiriblər. Onun qaçırılması əməliyyatı ilə bağlı on bir şübhəli həbs edilib.

İstedadlı proqramçı Türkiyəyə qaytarılandan sonra burada MİT-in himayəsində və nəzarətində olan xüsusi evdə yaşayır. Ömər proqram təminatının hazırlanması ilə bağlı işlərini davam etdirir.

Malayziya əməliyyatından bir neçə gün sonra MİT-in rəhbərliyi ilə İstanbul Polis İdarəsinin terrorla mübarizə qrupları hakerə iş təklif etmiş "Mossad" agentini saxlayıb. O, İsrailin xeyrinə casusluq etdiyi üçün həbsxanaya göndərilib.
Bəzi saytlar yazır ki, söhbət Foad Usama Hicazi adlı şəxsdən gedir. Hicazi Nikola Radonius ilə işləyən "Mossad" əməliyyatçılarından biri olub.

Foad Usama Hicazi
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Mossad   İsrail   Türkiyə   MİT   Haker   Kəşfiyyat  





Xəbər lenti