Azərbaycan Orta dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılmasını təklif edib

Azərbaycan Orta dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılmasını təklif edib
  28 Noyabr 2023    Oxunub:1036
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun bu gün Bakıda keçirilən iclasında Orta dəhlizin perspektiv imkan­ları, onun fəaliyyətinin genişləndi­rilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Bu barədə AzVision.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Azərbaycan, Gürcüstan və Qazaxstanın dəmir yolları, liman şirkətləri və digər tərəfdaşların birgə qatıldığı görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını daha da təkmiləşdirmək baxımından qarşılıqlı fəa­liyyətin möhkəmləndirilməsi geniş müzakirə olunub.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib. Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, tarif siyasətinin bazar tələbatına uyğun formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılması, dəhlizin beynəlxalq müstəvidə marketinq fəaliyyətinin düzgün formalaşdırılması və s. istiqamətlərdə atılması zəruri olan addımlar nəzərdən keçirilib.

Qeyd edək ki, hazırda Orta dəhlizin funksi­onallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası ha­zırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır, ən yaxşı təcrübələr öyrənilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəa­liyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 % artırılaraq 10,7 milyon ton­dan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.

Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
AzVision.az



Teqlər:





Xəbər lenti