Bərdə-Ağdam yolunun tikintisi yaxın müddətdə bitəcək

Bərdə-Ağdam yolunun tikintisi yaxın müddətdə bitəcək
  29 Noyabr 2023    Oxunub:1364
Bərdə-Ağdam avtomobil yolunun tikintisinin yaxın müddət ərzində başa çatdırılması nəzərdə tutulub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. “Yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da 100 % yerinə yetirilib.

Yolboyu nyucersilərin (beton bardyor) və yaşayış məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası, səki və tamet daşlarının tikintisi də sona çatdırılıb.

Yolun 25 və 40-cı km-lik hissəsində 91,3 və 18,2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 14 və 42-ci km-lik hissəsində 66 və 43 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 14 və 16 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi tamamlanıb", - açıqlamada deyilir.

AAYDA bildirir ki, hazırda yolboyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir: "Artıq avtomobil yolunda aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri də yekunlaşmaq üzrədir”.

Xatırladaq ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti