Vəkillər Kollegiyasında Misir Dövlət Şurasının və Dünya Bankının rəsmiləri ilə görüş keçirilib

Vəkillər Kollegiyasında Misir Dövlət Şurasının və Dünya Bankının rəsmiləri ilə görüş keçirilib
  02 Dekabr 2023    Oxunub:1762
Dekabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) və Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan ARVK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun və vəkil korpusunun adından salamlayaraq, Azərbaycan ilə Misir xalqları arasında uzun illər dostluq münasibətlərinin mövcud olduğunu, bu münasibətlərin mədəni, iqtisadi və digər sahələrdə özünü göstərdiyini bildirib.

ARVK-nın beynəlxalq əlaqələrə üstünlük verdiyini deyən sədr müavini hər iki dövlətin vəkilləri arasında dostluq münasibətlərinin və sıx əlaqələrin olmasını, bu görüşün isə daimi əlaqələrin təməli olacağına ümid etdiyini ifadə edib.

O, eyni zamanda Azərbaycanda vəkilliyin tarixindən, son 6 ildə VK-nın fəaliyyəti, görülən işlərdən danışıb, ölkəmizdə vəkilliyinin yeni inkişaf mərhələsinin 2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində başladığını, həmin ildən Kollegiyanın Rəyasət Heyətində mühüm dəyişikliklərin olduğunu deyib. Diqqətə çatdırılıb ki, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı Azərbaycanda vəkilliyin inkişafının yeni mərhələsinə qədəm qoyması üçün əsas olmuşdu. Həmin Sərəncam vəkillik fəaliyyətinin bir çox sahələrini əhatə edib, gənc hüquqşünaslar vəkillik fəaliyyətinə cəlb olunub, vəkillərin sayı 3 dəfə artırılaraq 2400 nəfərə çatıb, VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımların göstərilməsi, habelə hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində və.s çoxsaylı işlər görülüb.

O, həmçinin vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, bu sahədə bir sıra layihələrə imza atıldığını, o cümlədən Dünya Bankı ilə əməkdaşlığın səmərəli və faydalı olduğunu söyləyib.

Görüşdə VK-nın Baş katibi Bayram Orucov təqdimatla çıxış edərək son dövrlər ARVK-da görülən işlərin hesabatlılığını təqdim edib, beynəlxalq təcrübənin öyrənilməsi də daxil olmaqla, vəkillikdə elektron xidmətlərin tətbiqinə başlanıldığını, hazırda isə uğurlu fəaliyyət göstərilməsindən, hazırda VK-nın bütün sahələrində və fəaliyyətində tədbiq olunan elektron xidmətlər barədə məlumat verib, bu istiqamətdə qanunvericiliyə edilən dəyişiklikdən danışıb, Dünya Bankı ilə son illər sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən layihələrdən bəhs edib.

Misir Dövlət Şurasının vitse-prezidenti Mohamed Abdel-Vahab çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib. O, bu sahədə dövlətlər arasında əlaqələrin qurulmasını, gələcək münasibətlərin daha da genişlənməsinin, habelə Misir və Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.

Həmçinin görüşdə Bankın dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, görüşdə VK-nın Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova, Misirin məhkəmə hakimi Wael Saad Ali Helal, Dünya Bankının tapşırıqlar üzrə qrup rəhbəri Valid Malik və Bankın İcra Qrupunun məsləhətçisi Tural Sadixov iştirak ediblər.
AzVision.az



Teqlər:





Xəbər lenti