Çıxarmadığın neftdən necə qazanmaq olar – MÜSAHİBƏ

   Çıxarmadığın neftdən necə qazanmaq olar –    MÜSAHİBƏ
  05 Dekabr 2023    Oxunub:12360
Neftin təkcə hasilatı yox, emalı da pul gətirir. “Qara qızıl”ı olmayan ölkələr neft emalı sahəsində ixtisaslaşaraq, əhəmiyyətli qazanc götürə bilirlər. Bəs neft ehtiyatlarına malik Azərbaycan necə, emal sferasında da güclü oyunçuya çevrilə və bundan pul qazana bilərmi?
İqtisadçı-alim Eldəniz Əmirov AzVision.az -a müsahibəsində bunu istisna etməsə də, 8-10 il vaxt lazım olduğunu bildirib. Onun sözlərinə görə, qonşu ölkələrdə, o cümlədən də Rusiyada və Qazaxıstanda hasil olunan neftin Azərbaycanda emal prosesinə cəlb edilməsi yaxın və orta perspektivdə o qədər də inandırıcı görünmür. Çünki bu gün Azərbaycanın özündə hasil olunan nefti emal etmək üçün ölkədəki mövcud sənaye müəssisələrini gücü kifayət deyil. Bu səbəbdən də Azərbaycan bir çox neft məhsullarını xaricdən idxal etmək məcburiyyətində qalır. “Aİ-95” markalı benzinin idxalı ölkədən kifayət qədər böyük valyutanın çıxmasına səbəb olur.


- Yalnız Azərbaycan daxili tələbatlarını öz hesabına ödədikdən sonra, Rusiya və Qazaxıstan neftinin burada emal edilməsi haqqında danışmağa dəyər. Prinsipcə isə təbii ki, bu mümkündür. Vaxtilə “Bakı-Novorossiysk” kəməri Rusiya neftini emal olunmaq üçün Azərbaycana daşıyan bir kəmər kimi çəkilmişdi. Deməli, belə bir ənənə var.
Amma bu tip məsələlər yalnız ənənələrə bağlı deyil. Bu iqtisadi prosesdir. Belə layihələni reallaşdırmaq üçün bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə doğru-dürüst davranmaq lazımdır. Kənar subyektiv amillərin təsirindən də qaçmaq zəruridir. Bunlar olarsa, bir qədər uzaq perspektivdə - düşünürəm ki, 8-10 ildən sonra biz Rusiya və Qazaxıstan neftinin Azərbaycanda emalını müşahidə edə bilərik.

Mövzu ilə bağlı daha bir maraqlı müsahibə:
Özgə neftinin pulu: Azərbaycan yeni biznes-modelə keçə bilərmi | VİDEO

- Digər ölkələrin neftinin Azərbaycanda emalından əldə olunan hazır məhsulların elə birbaşa Azərbaycandan xarici bazarlara çıxarılması mümkündürmü?
- Emal nəticəsində əldə olunan məhsulların xaricə birbaşa Azərbaycandan nəqli, təbii ki, mümkündür. Logistik xərclər məhsulun maya dəyərində böyük rol oynayır. Əgər Rusiya və Qazaxıstandan idxal olunan nefti emal etdikdən sonra alınan məhsulları yenidən geriyə göndərsək, həmin məhsulun maya dəyəri artacaq. Bu da beynəlxalq bazarlarda məhsulun rəqabət qabilyyətini aşağı salır. Ona görə də həmin məhsulların birbaşa Azərbaycanın ixracı ilə ölkələr özləri də birmənalı şəkildə razılaşarlar. Azərbaycanın emal müəssisələrinin sayı kifayət qədər olmasa da, buradakı mövcud logistik infrastruktur imkan verir ki, hazır məhsul birbaşa Avropaya və digər istiqamətlərə yönləndirilsin.

- Digər ölkələrin neftinin emalından mənfəət götürən dövlətlər varmı?
- Təbii ki, bunun iqtisadi faydaları çoxdur. Rusiya özü emal etdiyi neft məhsullarından ciddi mənfəət götürür. Qərb ölkələrində də biz bunu görürük. Azərbaycanda da belə bir prosesin həyata keçirilməsi nəinki mümkündür, hətta buna çox böyük ehtiyac var. Bu strategiya hədəf kimi götürülməlidir. Ondan sonra digər ölkələrin Azərbaycana emal üçün neft istiqamətləndirməsi mümkün olacaq.

Sahil İsgəndərov
AzVision.az

Qalereya




Teqlər: Neft  





Xəbər lenti