Ordubad xəstəxanasında 7 yeni həkim işə başlayıb

Ordubad xəstəxanasında 7 yeni həkim işə başlayıb
  15 Dekabr 2023    Oxunub:1680
Muxtar respublikada rayon xəstəxanalarının konkret istiqamətlər üzrə ixtisaslaşması istiqamətində aparılan işlər nəticəsində Culfa Regional Tibb Mərkəzinin tabeliyində Ordubad rayon Mərkəzi Xəstəxanasında ard-arda uğurlu əməliyyatların icra edilir.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumatda qeyd edilib.

"Xəstəxanada fəaliyyətə başlayan plastik-rekonstruktiv cərrah Vüqar Əsgərov 9 dekabr tarixində 4 əməliyyat icra edib. Pasiyentlərdən Ordubad rayon Gənzə kənd sakini 1990-cı il təvəllüdlü İsmayılova Ceyran Yədullah qızına xarici burnun deformasiyası, donqarlıq və çəpər əyriliyi diaqnozu ilə "rinoseptoplastika", Ordubad rayon Düylün kənd sakini 1976-cı il təvəllüdlü Əliyev Cümşüd Telman oğluna çəpər əyriliyi diaqnozu ilə "septoplastika", Ordubad rayon Əndəmic kənd sakini 2004-cü il təvəllüdlü İsmayılova Aysun Mürşid qızına çəpər əyriliyi diaqnozu ilə "septoplastika", Ordubad rayon Azad kənd sakini 1958-ci il təvəllüdlü Əsədov Qadir Hacı oğluna burun daxili polip diaqnozu ilə "polipin ləğvi" əməliyyatı icra edilib. Əməliyyatlar uğurla yekunlaşdırılıb.

Həmçinin dünən cərrah travmatoloq-ortoped Elşən Paşayev xəstəxanada növbəti uğurlu endoprotez əməliyyatı icra edib. Ordubad şəhər sakini 1948-ci il təvəllüdlü Kazımova Məsmə Hüseyn qızına sol bud sümüyü boynunun sınığı diaqnozu ilə “sol bud çanaq oynağının bipolyar endoprotezləşdirilməsi” əməliyyatı aparılıb.

Xatırladaq ki, ötən ay doktor Elşən Paşayev tərəfindən Ordubad rayon Mərkəzi Xəstəxanasında ilk iki endoprotez əməliyyatları icra edilmişdi.

Ordubad rayon Mərkəzi Xəstəxanasında yeni fəaliyyətə başlayan həkimlərə gəldikdə isə onlar həkim estetik cərrah Vüqar Əsgərov, həkim travmatoloq-ortoped Elşən Paşayev, həkim mama-ginekoloq Sürəyya Hacıyeva, həkim infeksionist Əlməhəmməd Həsənov, həkim endokrinoloq Aytac Həsənova, təcili yardım həkimləri Günel Novruzlu və Leyla Əmirovadır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti