PFL-in prezidenti və vitse-prezidenti əməliyyat olunacaq - YENİLƏNİB

 PFL-in prezidenti və vitse-prezidenti əməliyyat olunacaq -  YENİLƏNİB
  16 Dekabr 2023    Oxunub:2787
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən Liv Bona Dea Hospitalına gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir:

“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib.

E.Səmədovla A.Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyə, plastik cərrahiyə və ortopediya-travmotologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***
Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının vəziyyəti açıqlanıb.

TƏBİB-dən AzVision.az-a verilən məlumata görə, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin vəziyyəti kritikdir, ikisinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

****
Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

Faktla bağlı araşdırma aparılır.

APA-ının məlumatına görə, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb. Onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. Xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır və Bakıya gətirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti