“Şahdağ” qış turizm mövsümünə hazırdır

   “Şahdağ” qış turizm mövsümünə hazırdır
  16 Dekabr 2023    Oxunub:2803
“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edib. Qusar rayonundan 32 km. məsafədə, dəniz səviyyəsindən 1435-2552 m. yüksəklikdə yerləşən “Şahdağ” Turizm Mərkəzi Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq istəyən istər həvəskarlar, istərsə də peşəkarlar üçün geniş imkanlar təqdim edən turizm kompleksidir.
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi il boyu həm yerli, həm də əcnəbi ziyarətçiləri qəbul edərək, onlara qonaqlama, xizək və müxtəlif yaş kateqoriyalarına uyğun bir sıra əyləncə xidmətləri təklif edir.

Kompleksin girişində yerləşən “Welcome Plaza” turistlərin mərkəzdə qarşılaşdığı ilk nöqtədir. Bu ərazidə 363 yerlik avtomobil dayanacağı, həmçinin qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün mərkəzləşdirilmiş bina fəaliyyət göstərir.


Bugünə qədər mərhələli şəkildə həyata keçirilən infrastruktur, yenidənqurma və bərpa işləri nəticəsində “Şahdağ” Turizm Mərkəzində 12 kanat yolu, xizək sürməyə yeni başlayanlar üçün 5 konveyer tipli yol, müxtəlif çətinlik dərəcəsində olan, uzunluğu 30 km.-lik 28 yamac, xizək məktəbi, eləcə də 30 iaşə obyekti, 5 hotel, açıq və qapalı məkanlarda müxtəlif əyləncə növləri hazırlanaraq qonaqların istifadəsinə verilib. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayı 449-dan 488-ə çatdırılıb. Eyni zamanda uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadə verilib.
Xizəkləri hazırlayın: Azərbaycanda qış turizm mövsümü başladı - FOTOLAR

Bununla yanaşı “Gondola” ərazisində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məqsədilə yeni avtodayanacaq salınıb, Kompleksin hündür yerindən öz axarı ilə süzülən suyun texniki su kimi toplanması və istifadə olunması təmin edilib, ərazidə yaşıllaşdırmanın artırılması məqsədilə 2500 ədəd yeni ağac əkilib.

Həmçinin yay mövsümündə çimərlik və qışda qarlandırma üçün yeni göllər hazırlanıb, üzgüçülük üçün yaradılan göl suyunun isidilməsi təmin olunub, eləcə də kompleks ərazisində icarəyə veriləcək obyektlərin sayı artırılıb və 9 yeni icarədar cəlb edilib, yeni yay əyləncə növləri istifadəyə verilib.



Eyni zamanda qonaqlara təqdim olunan turizm xidmətlərinin keyfiyyətinin daha da artırılması məqsədi ilə kompleksdə fəaliyyət göstərən əməkdaşlar il ərzində bir sıra qonaqpərvərlik təlimlərinə cəlb olunub,onların peşəkarlıq səviyyəsi artırılıb.
Geniş ərazisi, müasir infrastrukturu və peşəkar kadrları ilə ilin bütün fəsillərində xidmət göstərən “Şahdağ” Turizm Mərkəzi qonaqlara asudə vaxtlarını xoş və unudulmaz keçirmələri üçün bir-birindən maraqlı müxtəlif əyləncə xidmətləri təklif edir.



“Şahdağ” ziyarətçiləri kompleksə səfər edərək piyadalar üçün kanat yolu, xizək yürüşü, böyüklər və uşaqlar üçün kvadrosikl, ziplayn, eləcə də müxtəlif hündürlüklərdən paraplanla uçuş, “Shahdag Roller Coaster” və onlarla digər əyləncələrdən, həmçinin “main plaza” adlandırılan ərazidə “Park Cinema” kinoteatrından, boulinq zalından, uşaqlar üçün oyun avtomatlarından istifadə edə bilərlər.

Bununla yanaşı qonaqların kompleksdə gecələmələri üçün iki 5 ulduzlu, bir 4 ulduzlu, bir 3 ulduzlu,1 apartament tipli hotel və spa mərkəzləri, xizək icarəsi fəaliyyət göstərir. Bu il Şahdağda həyata keçirilən daha bir yenilik təmizlik və təhlükəsizlik amillərinə xüsusi diqqət yetirilərək hazırlanan gölün istifadəyə verilməsidir. Bir hissəsi üzgüçülük, digər bir hissəsi isə katamaranla gəzinti üçün nəzərdə tutulan göl yay mövsümündən qonaqların xidmətindədir.



2023-cü ildə “Şahdağ” Turizm Mərkəzi yerli və əcnəbi ziyarətçilərin və hotel qonaqlarının istirahət və tətil günlərini unudulmaz və maraqlı keçirmələri üçün 4 idman yarışı, 2 festival, yerli və xarici tərəfdaşlar, eləcə də blogerlər üçün 6 infotur təşkil edib, 10 yaxın ölkədə keçirilən beynəlxalq turizm sərgisində və 3 beynəlxalq tədbirdə iştirak edib. Həmçinin yerli kütləvi informasiya vasitələri üçün geniş tərkibdə 2 mediatur həyata keçirib.



İlk dəfə olaraq ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaq məqsədi ilə Dövlət Turizm Agentliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illyinə həsr edilən, müxtəlif yaş kateqoriyalarından olan böyüklər və uşaqlar arasında həvəskar dağ xizəyi yarışı keçirilib, qaliblər müxtəlif hədiyyələr və medallarla təltif olunub. Həmçinin Ümummilli liderin yubileyi münasibəti ilə flaşmob təşkil edilib. Eyni zamanda Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə master-klass keçirilib. Master-klass çərçivəsində həm “Şahdağ” Turizm Mərkəzinin təlimçilərinə, həm də həvəskar xizəkçilərə bu idman növünün incəlikləri haqqında məlumat verilib, müxtəlif ekstremal fəndlər nümayiş olunub. Bundan əlavə, müxtəlif əyləncəli idman yarışları keçirən “Red Bull” və “Race.az” şirkətləri ilə birlikdə “Red Bull Qaçhaqaç” və “Şahdağ Qaçış Festivalı”, eyni zamanda “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” təşkil edilib.


Azərbaycanda qış idman növlərinin inkişafına, bu idman növləri üzrə yerli idmançıların hazırlanmasına, həmçinin milli yığma komandanın formalaşdırılmasına öz töhfəsini verən “Şahdağ” Turizm Mərkəzi Qış İdman Növləri Federasiyası ilə birlikdə Azərbaycanı xizək alpinizmi idman növü üzrə beynəlxalq yarışlarda təmsil edən idmançıların kompleks ərazisində təlim-məşq toplantılarının keçirilməsinə dəstək göstərir.

Öz fəaliyyətində sosial tədbirlərə də mühüm önəm verən “Şahdağ” Turizm Mərkəzi “Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində vətən müharibəsində şəhid olan hərbçilərin ailə üzvləri üçün iki günlük tədbir həyata keçirib.



Tədbir çərçivəsində Bakıdan və Qusar rayonundan 100-ə yaxın şəhid övladı və onların yaxınları üçün kompleks ərazisinə ekskursiya təşkil olunub, ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlara müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları nümayiş etdirilib, xizək sürmə vərdişləri öyrədilib.

Bununla yanaşı "Şahdağ" Turizm Mərkəzinin Bakıdan, eləcə də Quba,Qusar və Xaçmaz rayonlarından olan 700-ə yaxın əməkdaşının ailə üzvləri üçün Kompleksə tanışlıq səfəri təşkil edilib,müxtəlif əyləncə xidmətlərindən istifadəsi təmin olunub.
Keçirilən sosial tədbirlərin davamı olaraq həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə turizm mərkəzinin bir qrup əməkdaşı tərəfindən dahi liderin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Yürüş iştirakçıları zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, dövlət bayrağını dalğalandırıblar.

Ötən dövr ərzində “Şahdağ” Turizm Mərkəzi beynəlxalq bazarlarda marketinq, təbliğat və təşviqat işlərinə də xüsusi diqqət ayırıb. Rusiya Federasiyasında, Səudiyyə Ərəbistanında, İspaniyada, Avstriyada, İsraildə, Londonda, Qətərdə, Hindistanda və bir sıra digər ölkələrdə keçirilən turizm sərgilərində mərkəzin nümayəndələri iştirak edərək beynəlxalq auditoriyaya kompleksin imkanları haqqında ətraflı məlumat veriblər. Eyni zamanda turizm mərkəzinə turların təşkilini həyata keçirən həm yerli, həm də xarici tərəfdaş ölkələrdən olan şirkət nümayəndələri və blogerlər üçün infoturlar təşkil olunub, onlara mərkəzdə görülən işlər və yeniliklər, turizm məhsulları haqqında ətraflı məlumat verilib, istər qış, istərsə də yay mövsümündə qonaqlara təqdim edilən əyləncələr nümayiş etdirilib.



İnfotur çərçivəsində həmçinin kompleksdə olan hotellər, onların yerləşmə imkanları və turistlərə təqdim olunan xidmət çeşidləri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı “Şahdağ” Turizm Mərkəzi qlobal turizm bazarlarına çıxış imkanlarını genişləndirmək üçün bir sıra qonşu dövlətlərlə əməkdaşlığın və birgə iş birliyinin formalaşdırılması istiqamətində müxtəlif görüşlər keçirib. Rusiya Federasiyasının Soçi şəhərində baş tutan “Turizm ərazilərinin forumu” tədbirində, eləcə də Özbəkistanın paytaxtdı Daşkənd şəhərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisi (Tashkent International Tourism Fair 2023) çərçivəsində Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortları ilə əməkdaşlıq əlaqələrinin inkişafı, vahid Avrasiya dağ marşrutlarının yaradılması perspektivləri müzakirələr olunub, birgə layihələrin formalaşdırılması ətrafında fikir mübadiləsi edilib. Aparılan danışıqların nəticəsində “Şahdağ” Turizm Mərkəzi ilə Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlığa dair anlaşma memorandomu imzalanıb və Şahdağ Alyansın üzvü seçilib.

Şahdağ Turizm Mərkəzi eyni zamanda regionlarda məşğulluğun təmin olunmasına dəstək məqsədilə 2023-cü ildə Bakıda, eləcə də Quba, Qusar, Xaçmaz rayonlarında keçirilən əmək yarmarkalarında iştirak edərək 50-ə yaxın şəxsin Kompleksdə işlə təmin olunmasına köməklik göstərib.

İl ərzində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə aktiv əməkdaşlıq əlaqələri formalaşdırılaraq, xəbər agentlikləri və televiziya kanalları vasitəsi ilə ölkə ictimaiyyətinə “Şahdağ” Turizm Mərkəzində baş verən proseslər və yeniliklər haqqında ətraflı məlumat verilib. Həmçinin həm yay, həm də qış mövsümünün açılışı münasibəti ilə yerli media nümayəndələri üçün kompleks ərazisinə mediaturlar təşkil olunub.



Bu gün “Şahdağ” Turizm Mərkəzinin qarşıya qoyduğu əsas hədəfi yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, eləcə də yeni məhsullar hazırlamaq, xüsusi olaraq Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdir.

S.Hasanova
AzVision.az



Teqlər:   Şahdağ   Turizm  





Xəbər lenti