Pis qonşuyla necə davranaq?...

Pis qonşuyla necə davranaq?...
  16 Aprel 2013    Oxunub:1130
İranın seçdiyi düşmənçilik xətti onunla dost olmağımıza imkan vermir...
Nurəddin İsmayıl

İranla Azərbaycan arasında münasibətlər növbəti gərginlik fazasına daxil olub. Səbəb 30 martda Bakıda keçirilən tədbirdə Güney Azərbaycan mövzusunun qabardılması, bir az da dəqiq deyilsə, İranda yaşayan 40 milyon soydaşlarımızın tarixi, milli, mədəni və demoktratik haqlarının gündəmə gətirilməsidir.

Hər dəfə bu mövzu gündəmə gələr-gəlməz ya İran rəsmiləri, ya da rejimin təlimatlandırılmış qulbeçələri ölkəmizə qarşı təhdidlər yağdırılan bəyanatlar səsləndirməyə, nəinki Güney, hətta Qüzey Azərbaycanın da İran dövlətinin bir hissəsi olması haqda cəfəngiyyatlar irəli sürməyə başlayırlar.

Bu baxımdan ölkəmizdə güneyli soydaşlarımızın milli haqlarının pozulması ilə bağlı keçirilən son tədbirdən sonra İran parlamentinin Ərdəbil ostanlığı üzrə deputatı Kəmalləddin Pirmoazzənin parlamentdə Qüzey Azərbaycanın İrana biləşdirilməsi haqqında referendum keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatlar diqqətsiz qalmamalıdır.

Təəssüf doğuran odur ki, Azərbaycanın bütövlüyündən əndişə duyan fars kökənli millət vəkili deyil, soyunu kökünü və tarixi yaddaşını fars ixtiyarına verən Ərdəbilli deputat qaldırır. Maraqlıdır, adam niyə tarixi ədalətsizlik ucbatından parçalanmış Azərbaycanın yenidən bir can olmasının, 50 milyonluq türk soyunun vahid dövlət halında birləşməsinin deyil, orada yaşayan 40 milyonluq soydaşlarımızın zülmünə əlavə olaraq bu tay soydaşlarımızın da qatılmasının qəhrini çəkir? Niyə imperiyaların “parçala hökm sür” siyasətinin qurbanı olan xalqlar tarixi şərait yetişdikcə birləşməyin, vahid dövlət olmağın davasını apardığı halda, Ərdəbil deputatı Pirmoazzən yenidən soydaşlarımızın fars rejiminin içində milli haqların əridilməsinin tərəfdarı kimi çıxış edir? Almanların, vyetnamlıların birləşib vahid dövlət içində yaşamasının nəyi pis oldu?

İran anti-türk xislətli bir dövlətdir və tarix boyu türkün bütövlüyünə, dilinə, mədəniyyyətinə qarşı dirəniş göstərib. İran erməni təəssübkeşlityini türklə dindaşlığından yüksək dəyərləndirən, məzhəb və təriqəti müsəlman vahidliyindən üstün tutan teokratik bir rejimdir. Etiraf edilməlidir ki, bu dövlət ərazisində yaşayan nəinki türk çoxluğu, hətta farslarr özləri də daxil olmaqla İran mədəniyyətinin formalaşmasında, bir dövlət haına gəlməsində tarixi xidmətləri olan digər millətlər də istismar və zülm altında yaşayır.

Yazıqlar olsun İranda yaşayan o türk soyundan olanlara ki, onlar hələ də İran rejiminin millətimizin haqlarının tapdalamasına, dilinə, soyuna, tarixi keçmişinə xor baxmasına, bir millət kimi onu fars dəyirmanında üyütməsinə göz yumur. Yazıqlar olsun K.Pirmoazzən adlı zata və onun zehniyyətində olan şəxslərə ki, onlar türkün azadlıq sevər və cəsur insanları olan Səttər xanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin Azərbaycanın bağımsıslığı uğrunda verdiyi mücadilələri və bu mücadilə yolunda şəhidlik zirvəsinə yüksələn yüz minlərlə insanın haqq mübarizəsini unudub, farsın qüdrətlənməsinə xidmətdə bulunurlar.

İranda türkü danışmağı yasaq edən, məktəb-mədrəsəsində ana dilində yazıb oxumaq fürsətini tanımayan, tarixi qəhrəmanlarını saya salmayan, soyadından tutmuş ta türk varlığını özündə əks etdirən ərazilərin adlarına qədər milli olan hər bir dəyəri farslaşdıran, demokratrik və insan haqlarını tanımayan bir reyimə bu qədər bağllılığın arxasında insanın manqurtlaşmasından başqa bir faktın durması, əlbəttə, şübhə duğurur.

Deputat utanmadan Gülüstan, Türkməncay, müqavilələrinə yenidən qayıtmaq, Qüzey Azərbaycanı da Güneyin boyunduruğa salındığı teokratik İran rejiminə yenidən birləşdirmək iddiasına düşüb. Bəli bu mənhus müqavilələrlə Azərbaycan xalqı tarixi birlik haqqını itirib, ərazisi parçalanıb, yarısı fars rejiminin, yarısı rus rejiminin təbəəliyinə keçib. Amma ağayi Pirmoazzən unutmamalıdır ki, bu tay rus rejimindən qurtulduğu kimi, o tay da fars rejimindən qurtulmalı və Azaərbaycan bir olmalıdır. Bunun üçün də Qüzey Azərbaycanda hayqırtılar var, güneyli qardaşların milli haqları uğrunda düşünmək və hərəkətə keçmək istəkləri var. Milli kimliyi unutdurulan moazzinlər bu mübarizəyə qoşulmaq cəsarətindən uzaqdırsa, heç olmasa paniranist kimi qorxulu ideolojiinin köləsinə çevrilməsin.

Bizim İrana qarşı zatən düşmənçiliyimiz, nifrətimiz yox. Çün bu ölkə bizimlə dindaş dövlət olmaqla bərabər biz eyni tarixi dövrlərdə bir mədəniyyət arealında yaşamış və eyni taleni bölüşmüş xalqlarıq. Amma biz İran yönətiminin Azərbaycana qarşı düşmən münasibətinə dostluq sərgiləyə bilmərik. Biz ermənilərlə işbirliyinə girib ərazilərimizin işğalda qalmasına dolayı şərait yaradan, bayrağımıza sayğısızlıq göstərən, səfirmizin toxunulmazlığını pozan, ərazilərimizdə agentura şəbəkəsi qurub, fars rejiminin filiallarını yaradan bir ölkənin bizimlə münasibətində səmimi olmadığını yaddan çıxara bilmərik.

Azərbaycan bir qolu Turan elinə söykənən, fars köçünün hələ Hind hövzələrindən İrana qədəm basana qədər İran ərazisində böyük qüdrətli dövlətlər quran, sonrakı tarixində türk mədəniyyətini İslam mədəniyyəti ilə çulğalaşdırıb islamın bayrağnı üç qitədə göylərə qaldıran böyük türk toplumunun bir parçasıdır və ən qədim türk ərazisidir. Bizim üçün o tay bu tay yoxdur, bütöv bir Azərbaycan var. İran üzü sasanilərdən bəri əldə etdiyi bütün qələbələrə, bütün tarixi nailiyyətlərə görə Azərbaycana borcludur.

Azərbaycan türkü min illərlə İran ərazisində şahlıq, sultanlıq edib, amma içinə qatdığı millətlərə, o cümlədən farsın dilinə və tarixinə sayqısız yanaşmayıb. Pirmoazzən gərək babaları olan səfəvilərin Bu günkü İrana verdiyi töhfələrin müqabilində farsların türklərə etdiyi zülmləri yaddan çıxarmasın. Türk soylu Şah Abbasın, şah Qacarın, məzhəb davalarına son qoymaq istəyən Nadir şahın İranının qüdrətlənməsi yolunda apardığı mübarizələrə biganə qalmasın. Şəhriyar fars yönətiminə üzünü tutub boş yerə demirdi ki, “İgidlərin İran üçün şəhid olub, əvəzində dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan”.

Ey, Pitmoazzən fars və rusun Arazla sərhədlədiyi Azərbaycan bizim ruhumuzu sərhədləyə bilməz. Yaddan çıxarma ki, Qüzey Azərbaycan hər vaxt olduğu kimi bundan sonra da Güneyli soydaşlarının milli haqlarının danılmasına, insani hüquqlarının pozulmasına biganə qalmayacaq və bu haqq davasını haqqa yetənə qədər aparacaq.



Teqlər:  





Xəbər lenti