"Azərbaycanda balıq mənşəli məhsullarla özünütəminetmə aşağıdır" - Nazir
"Məlumdur ki, balıq və balıq məhsulları qida zəncirində əhəmiyyətli yer tutur. Balıq əti ilə təminat ölkədə ümumi tələbatın böyük faizini təşkil etməsə də, tərkibində olan zəruri qida elementləri baxımından insan orqanizmi üçün vacib hesab edilir. Statistik göstəricilər də ölkəmizdə balıq istehlakı ənənəsinin qənaətbəxş olmadığını göstərir. Belə ki, Azərbaycanda heyvan mənşəli zülalın qəbulunda adambaşına düşən balıq məhsullarının payı yalnız 2%, dünya üzrə orta göstərici isə 17% təşkil edir. Ölkədə adambaşına düşən orta illik balıq və balıq məhsulları istehlakı 2008-ci ilədək 4 kiloqrama yaxın olub. Son illərdə bu göstərici artaraq 2014-cü ildə təxminən 7,2 kiloqrama, 2021-cı ildə isə 7,4 kiloqrama çatmışdır. Müqayisə üçün qeyd edim ki, dünya üzrə bu göstərici 20,5 kiloqram, Avropada isə 24 kiloqram təşkil edir".
Nazir qeyd edib ki, dünyada baş verən geosiyasi hadisələr, iqlim dəyişmələrinin mənfi təsirləri, eləcə də əhalinin təbii artımı qida tələbatının qarşılanmasını təhdid altında qoyur:
"O zaman geniş istehsal imkanları olan akvakultura sahəsinin inkişaf etdirilməsinə ciddi zərurət yaranır. Eyni zamanda, balıqçılığın inkişafı ilə bağlı bir sıra infrastruktur problemləri mövcuddur. Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və yerli istehsal daxili tələbatı tam ödəmək üçün yetərli deyildir. Bu da ölkədə akvakulturanın zəif inkişaf etməsindən irəli gəlir. Ölkədə balıqçılıq sahəsi əsasən ekstensiv üsulla inkişaf etdirilmiş, daha çox nohurçuluqda çəkikimi balıq növlərinin yetişdirilməsinə və təbii yemləməyə üstünlük verilib.
Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir. Balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur. Aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyildir. Bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur.
Bundan əlavə, şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarımızın məhdud olduğu nəzərə alındıqda, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi yeni innovativ biotexnologiyaların, o cümlədən qapalı su təchizatı sistemlərinin tətbiqi və dəniz akvakulturasının inkişafı daha çox diqqət tələb edir. Daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür".
Aytən Zəhra
AzVision.az
Teqlər: