"Balıq ehtiyatının artırılması üçün əmtəə akvakulturası inkişaf etdirilməlidir"

   "Balıq ehtiyatının artırılması üçün əmtəə akvakulturası inkişaf etdirilməlidir"
  19 Dekabr 2023    Oxunub:1070
"Təbiətdə balıq ehtiyatlarının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilən nadir və nəsli kəsilmək təhlükəsi altında olan qızılbalıq və nərəkimi, həmçinin çəkikimi balıq körpələrinin təbii su hövzələrinə buraxılmasını həyata keçirilir".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında deyib. Onun sözlərinə görə, yalnız cari il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və 8 milyon ədəddən çox çəkikimi balıq körpələri və son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.

"Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir. Akvakulturada suyun səmərəli istifadəsi, təkrar dövriyyə sistemlərinin tətbiqini, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir.

Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramının əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti