"Azəriqaz" vətəndaşa qanunsuz borc yazıb? - Rəsmi açıqlama

   "Azəriqaz" vətəndaşa qanunsuz borc yazıb? -    Rəsmi açıqlama
  11 Yanvar 2024    Oxunub:1698
Sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən vətəndaşa artıq borc yazılması ilə bağlı şikayət paylaşılıb. Fotoda əks olunan qəbzdə əvvəlki ayın borcunin tam ödənildiyi və qalıq borcun 0 (sıfır) olduğu göstərilir. Amma abonent "Azəriqaz"ın rəsmi səhifəsində kodunu yazanda əvvəlki ay üçün 75 manat qalıq borcu yazıldığını müşahidə edir.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev AzVision.az -a açıqlamasında bildirib ki, şikayət araşdırılıb və vətəndaşa izahat verilib:

"Tək bir nəfər yox, sosial şəbəkələrdə bir neçə nəfər var ki, sosial mövzularda bu tip mövzulardan özlərinə xal qazanmaq istəyirlər. Adamlar şantaj və böhtan xarakterli məlumatlar yayırlar. Təəssüf ki, sosial şəbəkələrdə də onun fərqinə varmayan, hansısa səbəbdən dövlət qurumuna qarşı aqressiyası olan insanlar mənfi emosiyalarını ora tökürlər. Lakin araşdırmalardan sonra abonent etiraf edir ki, cavablardan razı qalır və problemləri yoxdur.

Bu məsələni də araşdırdıq, vətəndaşın ötən ilin axırıncı ayının və ondan əvvəlki dövrün sərfiyyatı çıxarıldı. Hamısı tutuşdurulub, özünə də məlumat verilib. Orada iddia olunur ki, guya məbləğ sıfırlandığı halda abonentə 75 manat civarında borc gəlib. Belə bir şey yoxdur. Bu barədə vətəndaşa izahat verildi. O da cavabdan razı qalıb".




Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti