“Ölkədə işçi qüvvəsinin 66 faizinin təhsili orta və daha aşağıdır” – Məşğulluq Agentliyinin şöbə müdiri

   “Ölkədə işçi qüvvəsinin 66 faizinin təhsili orta və daha aşağıdır” –   Məşğulluq Agentliyinin şöbə müdiri
  22 Yanvar 2024    Oxunub:1006
“Azərbaycanda işçi qüvvəsinin 66,7%-nin təhsili orta və daha aşağıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri Elman Sadıqov “vergiler.az” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün ölkənin işçi qüvvəsinin 16,6%-i ali, 11,3%-i orta ixtisas, 5,8%-i peşə, 59%-i tam orta, 6,5%-i ümumi orta, 0,77%-i isə ibtidai təhsillidirlər. Cəmi 0,04%-nin isə təhsili yoxdur.

“Dördüncü Sənaye İnqilabına keçid, texnologiyanın inkişafı əmək bazarında həm ali, həm də peşə təhsillilərin sayının artmasını labüd edir”-deyə E.Sadıqov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan demoqrafik artımı yüksək olan ölkələrdənik. 2005-2015-ci illərdə Azərbaycanda əhalinin illik orta artım göstəricisi 150 min nəfər olub. Həmin şəxslər bu gün əmək bazarına daxil olmağa başlayıblar: “Onların təhsil, məşğulluq məsələləri, ən azı, növbəti 10 il ərzində əsas prioritet istiqamətlərdən biri kimi qalacaq. Vəfat edənləri, yaşla əlaqədar əmək bazarından uzaqlaşanları və digər amilləri nəzərə aldıqda, hər il işçi qüvvəsinin təxminən 50-55 min nəfər artması gözləniləndir”.

E.Sadıqov yaş qruplarına görə ən çox işçi qüvvəsinin miqdarını da açıqlayıb. ” Yaş qruplarına görə ən çox işçi qüvvəsi 30-34 yaş aralığında olan şəxslərdir. Bunlar ümumi işçi qüvvəsinin 14,98%-ni təşkil edir. İkinci yerdə 25-29 yaş aralığında olan işçi qüvvəsidir. Bu qrupun da nisbəti 13,8%-dir. Üçüncü yerdə 35-39 yaş aralığıdır ki, bu da 13,23% təşkil edir”.

Ümumilikdə isə ölkədə işçi qüvvəsinin 51,7%-i 20-39 yaş aralığındadır.

40-54 yaş arası 34,9%, 60-64 yaş qrupu 3,02%, 65 və ondan yuxarı olanlar isə işçi qüvvəsinin 0,87%-ni təşkil edir.

E.Sadıqov bildirib ki, 2035-2040-cı illərə qədər mövcud yaş qruplarında yaşlanma və nisbət dəyişsə də, 2032-2033-cü illərə qədər əmək bazarına daxil olan böyük işçi qüvvəsi yaşlanma amilini ciddi şəkildə müsbətə doğru kompensasiya edəcək. Lakin 2040-cı ildən etibarən, xüsusilə 2050-ci ildən sonra daha yüksək nisbətdə yaşlanma müşahidə edəcəyik.

Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, hazırda ölkədə işsizliyin səviyyəsi 5,46% həddindədir. 2024-cü ildə bu göstəricinin 5% civarında olacağı proqnozlaşdırılır. Bu gün ölkə iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri işsizlik göstəricisini ölkə üçün məqbul sayıla biləcək həddə qədər azaltmaqdır. “Adətən demoqrafik artımı yüksək olan ölkələr üçün bu, daha çətin olur. Çünki əmək bazarına hər il yeni işçi qüvvəsi daxil olur və iqtisadi fəal əhalinin sayı artır”-deyə o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti