Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

   Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi
  24 Yanvar 2024    Oxunub:1161
Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası İsveçin NATO-ya üzvlük protokolu ilə bağlı qanun layihəsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, müzakirələrin ardınca səsvermə zamanı 346 deputatdan 287-i lehinə, 55-i əleyhinə səs verib, 4 deputat bitərəf qalıb. Beləliklə, protokol ilə əlaqədar qanun layihəsi təsdiqlənib.

İsveçin Baş naziri Ulf Kristersson özünün "X" hesabında ölkəsinin NATO-ya qoşulması ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində qəbulundan sonra alyansın tamhüquqlu üzvlüyünə bir addım da yaxınlaşdıqlarını bildirib. Qərarla bağlı İsveçin XİN rəhbəri Tobias Billström da öz məmnunluğunu diqqətə çatdırıb.

"Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO müraciətinə müsbət səs verməsi alqışlanan addımdır. İndi prezident Ərdoğanın təsdiq sənədini imzalamasını gözləyirik. İsveç etibarlı, həmrəy və qətiyyətli NATO üzvü olacaq" , - o qeyd edib.

Bir sıra avropalı rəsmilər də Türkiyənin qərarını alqışlayıblar.

"İsveçin üzvlüyü Avropanın təhlükəsizliyini gücləndirəcək və Aİ-NATO əməkdaşlığını artıracaq. Növbəti addımları səbirsizliklə gözləyirəm" , - Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel "X" hesabında yazıb.

Belçika, Norveç, Danimarka XİN rəhbərləri, Estoniya Baş naziri, Almaniya kansleri və bir sıra digər rəsmilər də qərardan məmnunluqlarını diqqətə çatdırıblar.

Türkiyənin qərarı ABŞ tərəfindən də razılıqla qarşılanıb. Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan "X" hesabında bu barədə yazıb:

"Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyən səsverməni alqışlayırıq. Bu, prezident Bayden üçün prioritet idi. İsveçin güclü və bacarıqlı müdafiə tərəfdaşı kimi qoşulması ilə NATO daha da güclənəcək" , - ABŞ rəsmisi qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsveç   Türkiyə   NATO  





Xəbər lenti