Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
  26 Yanvar 2024    Oxunub:1002
Yanvar ayının 25-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq, ötən il dövlət hesabına göstərilən hüquqi yardım zamanı ən çox uğurlu nəticə əldə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevə “İlin vəkili” mükafatı təqdim edilib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran iki vəkilliyə namizədin, həmçinin bir hüquq elmləri doktorunun vəkilliyə qəbulla bağlı andiçmə mərasimi keçirilib.

Bundan başqa, vəkillik icraatı (dosyesi) haqqında Qaydalar”ın yeni redaksiyada qəbulu, “Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na dəyişikliyin edilməsi məsələlərinə, o cümlədən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına order markası ayrılması barədə həmin Kollegiyanın sədrinin məktubuna baxılıb, müvafiq qərarlar çıxarılıb.

Həmçinin, iclasda vəkillər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardımın göstərilməsi zamanı yol verdikləri pozuntularla əlaqədar qurum rəhbərlərinin iştirakı ilə geniş müzakirə aparılıb. Bu pozuntularla əlaqədar qərarın elan edilməsi Rəyasət Heyətinin növbəti iclasına təxirə salınıb.

Eyni zamanda, vəkillərin digər vəkil qurumuna keçməsi və bəzi vəkillərin üzrlü səbəblərdən üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar çıxarılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti