İki qardaşın dəm qazından ölməsi ilə bağlı cinayət işi başlanıb

İki qardaşın dəm qazından ölməsi ilə bağlı cinayət işi başlanıb
  27 Yanvar 2024    Oxunub:1090
Bakıda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.

"Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib.

Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunan məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə halları ilə bağlı da müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb və araşdırmalar aparılır.

Hadisələrin baş vermə səbəbləri istintaq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verir və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır".

Qeyd edək ki, Sərxan Həsənovun 2019-cu ildə qəbul imtahanlarında 696 bal topladığı, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü olduğu bildirilir.

AzVision.az


Teqlər: dəmqazı   zəhərlənmə   cinayətişi  





Xəbər lenti