"Qızımın adını Nişanə qoydum ki, atasını xatırlatsın" - Şəhidin xanımı

 "Qızımın adını Nişanə qoydum ki, atasını xatırlatsın" -  Şəhidin xanımı
  29 Yanvar 2024    Oxunub:1568
“Həyat yoldaşım şəhid olanda hamilə idim. Qızımız olacağını öyrəndim. Fikirləşdim ki, atası üzünü görmədi, qoy ondan mənə nişanə qalsın. Elə buna görə də övladımın adını Nişanə qoydum. Dedim, böyüyəndə adını çağıranda bilsin ki, atasına görə o adı daşıyır. İndi qızımın 3 yaşı var”.
Bunu AzVision.az -a Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Qəzənfər Mütəllimovun həyat yoldaşı Zöhrə Mütəllimova deyib. O bildirib ki, Qəzənfərdən sonra iki qız övladı yadigar qalıb.
Düşmənin maşını ilə posta girib erməni komandiri öldürən şəhidimiz - VİDEO+FOTOLAR


-Nişanə hər gün soruşur ki, atam niyə evə gəlmir? Deyirəm, sənin atan şəhiddir, qəhrəmandır. Qəzənfərin şəklini pul qabıma qoymuşam. Mən hər dəfə işdən gələndə pul qabımı açır və onun şəklini öpür. Böyük qızım Mələk isə atası şəhid olanda bir yaş yarım idi. Hərdən Nişanə soruşur ki, ata gələcək? Mələk isə ona cavabında “yox, gəlməyəcək, şəhiddir” deyir. Onlara başa salıram ki, ataları cənnətdədir və bir çox uşağın atası şəhiddir, onlarınkı da evə gəlmir.



- Qəzənfərsiz artıq 4 il keçdi. Əlbəttə ki, sizin üçün bu illər asan olmayıb.
-Mənim üçün çox çətin keçdi. Hazırda işləyirəm deyə bir az başım qarışır. Evdə olanda özümə çox qapanmışdım. İndi düşünürəm ki, hardasa uzaqdadır, bizi görür. Nişanə doğulan ərəfələrdə çox ağlayırdım. Hər gün pis olurdum. Həmin vaxt Qəzənfər qohumumuzun yuxusuna girmişdi. Demişdi ki, Zöhrəyə de ki, onu tərk etməmişəm. Hər gün onların yanındayam, amma məni görmürlər. Bu yuxudan sonra təsəlli tapdım.

Şirindil, zaraftcıl idi. O işdən evə gələnə yaxın tez süfrə hazırlayırdım. Yeyəndən sonra soruşurdum ki, “Qəzənfər, doydun?”. Cavabında gülüb deyirdi: “Səni verənə şükür, ay Zöhrə”. Məni həmişə Zözü çağırırdı. Evə girən kimi məni axtarırdı.

Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub. Döyüş yoldaşları gəlib ziyarət edir. Qızı Nişanənin ad günündə də gəlmişdilər. Neçə insanın həyatını xilas edib.



Bir dəfə Nişanəni xəstəxanaya aprmışdım. Ora bir qazi də uşağını gətirmişdi. Otaqda uşaqla bağlı məlumat verəndə dedim, “Mütəllimova Nişanə Qəzənfər qızı”. Qazi bunu eşidib dedi:” Sizin həyat yoldaşınız mənim həyatımı xilas edib. Bütün tabor ona həyatını borcludur”. Qürur duydum. Sevindim ki, belə bir qəhrəmanın yoldaşıyam.

-İlk tanışlığınızı xatırlayırsınızmı?
- Biz eyni məktəbdə oxumuşuq. Bir qəsəbədə yaşamışıq. Onu tez-tez görürdüm. Məktəbdə hədsiz dəcəl idi.

Universiteti bitirəndən sonra klinikada işləyirdim. Orada məni yenidən görüb. Anasıgilə deyib ki, bu qıza elçi gedin. Ondan sonra biz yaxından tanış olduq.



-Qızlarınızın hansı xarakteri ona bənzəyir?
- Xarici görünüşcə Nişanənin əlləri ona bənzəyir. Atasının uşaqlığında olduğu kimi dəcəldir. Gələcəkdə qızlarımın Qəzənfərin adını yaşatmasını istəyərəm.

Qeyd edək ki, Qəzənfər Mütəllimov Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.








Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Şəhid  





Xəbər lenti