Tələbələrin təcrübə keçmə qaydalarındakı yeniliklər açıqlanıb
Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.
Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər.
Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib. Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir.
Qeyd edək ki, bu qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur.
AzVision.az
Teqlər: