Ötən il 50 mindən çox şəxsə əlillik təyin olunub

Ötən il 50 mindən çox şəxsə əlillik təyin olunub
  30 Yanvar 2024    Oxunub:839
Ötən il Azərbaycanda 50,7 min şəxsə əlillik təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsi 2022-ci il iyulun 1-dən tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-yə çatdırılıb: "Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb".

A.Bayramov bildirib ki, keçən il Agentliyin reabilitasiya mərkəzləri əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərib:

"Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1 437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il 10,5 min nəfər əlilliyi olan şəxs 91,4 min reabilitasiya vasitəsi ilə təmin edilib. Bundan başqa, Vətən müharibəsindən sonra şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub".

A.Bayramov qeyd edib ki, ötən il I qrup əlillik təyinatı 12 082 nəfərə şamil edilib. Onun sözlərinə görə, bu da bütün təyinatların içərisində 24 % təşkil edib.

"Ötən il isə bu göstərəci 4 dəfə artaraq 24 %-ə çatıb. Bundan başqa ümumi 50 726 əlillik təyinatında hər iş gününə 230 nəfər düşüb. Ümumi göstəricidən 25 500 nəfərə təkrar əlillik təyinatı aparılıb. 25 200 nəfərə isə ilkin təyinat olub. İlkin təyinatlarda isə 27 % artım olub. 55 % təyinat isə müddətsiz olub".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti