Londonda qalib olan şagirdimiz: "Seçimim Avropa olacaq"

  Londonda qalib olan şagirdimiz:  "Seçimim Avropa olacaq"
  30 Yanvar 2024    Oxunub:1178
Azərbaycanlı şagird Emil Elnur oğlu Ağamirzəyev İngiltərənin paytaxtı Londonda keçirilən “Dünya ölkələrinin tarixi (History of world countries) adlı beynəlxalq elm müsabiqəsində ilk onluqda - 8-ci yerdə qərarlaşıb.
Uğurları barədə AzVision.az -a danışan Emil İsmayıllı rayonu Elşad Bayramov adına Talıstan kənd orta məktəbinin 9-cu sinif şagirdirir. O, burada 1-ci sinifdən təhsil alır. Emilin sözlərinə görə, məktəbdə təhsilin səviyyəsi hər zaman çox yüksək olub və nəticələrinə görə regionda ilk pillərdədir.

Emil qeyd edib ki, tədrisin ilk ilində yaxşı oxumasa da, sonradan nəticələrini düzəldib.

"1-ci sinifdə təhsil göstəricilərimə görə, digər uşaqlardan geridə qalırdım. Sonradan üzərimdə çalışmağa və qiymətlərimi yaxşılaşdırmağa çalışdım. Artıq 3-cü sinifdən müsabiqələrdə, sınaqlarda iştirak etməyə başladım. Sınaqlarda əvvəl yaxşı bal toplamırdım, lakin getdikcə özümü elə təkmilləşdirdim ki, artıq maksimal balı toplayırdım. 6-cı sinifə keçəndə respublika fənn olimpiyadalarında iştirak etməyə başladım. İlk yarışımda 6-cı yeri tutmuşdum. Burada ilk pillərə çıxandan sonra məni beynəlxalq yarışlara dəvət etdilər. İlk dəfə Türkiyədəki müsabiqədə iştirak etdim, 6-cı yer tutdum. Daha sonra Qazaxıstandakı olimpiyadada qalib oldum və məni beynəlxalq konfranslara çağırmağa başladılar. Ötən ilin avqust ayında ABŞ-da keçirilən konfransda iştirak etdim. Nailiyyətlərimə görə Avropa ölkələrindəki olimpiyadalara dəvət etdilər, Serbiya və İtaliyada keçirilən beynəlxalq müsabiqələrdə uğur qazandım. Sonuncu dəfə Londonda iştirak elədim və 8-cı yer tutdum".

Emilə artıq xaricdə oxumaq təklifləri də gəlib. O, yayda sənədlərini toplayıb, xaricdə oxumaq niyyətindədir. "Bu, Türkiyə və ya hansısa Avropa ölkəsi ola bilər".

Emilin ən böyük arzusu hüquqşunas olmaqdır. Əgər xaricdə oxusa, beynəlxalq hüquq istiqamətində təhsilini davam etdirəcək.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti