"Nə verilişi apara bilərəm ki, heç "WhatsApp"ım da yoxdur"- Şərqiyyə Hüseynova (Müsahibə)

 "Nə verilişi apara bilərəm ki, heç "WhatsApp"ım da yoxdur"-    Şərqiyyə Hüseynova (Müsahibə)
  30 Yanvar 2024    Oxunub:2255
AzVision.az -ın növbəti həmsöhbəti Xalq artisti Şərqiyyə Hüseynovadır. Tanınmış diktorla müsahibəni oxucularımıza təqdim edirik:
-Şərqiyyə xanım, sonuncu dəfə sizi verlişlərdən birində qonaq qismində görmüşdüm. Hazırda nə işlə məşğulsunuz?
- Televiziyada rus dilli, radioda isə Azərbaycan dilli aparıcıların hazırlanması ilə məşğul oluram.

- Deməli, davamçı yetişdirirsiniz.
- İndi diktor məfhumu yoxdur. Aparıcı var. Dövrün tələbi dəyişib.

Yeni nəsil sizi qane edirmi? İşləmək çətin deyil ki?
-Qane edən də var, etməyən də. Qane etməyənləri mətn yazmağa yönəldirəm. Normal səsi və efiri uyğunluğu olanları təkmilləşdirirəm ki, fikrini çatdıra və insanlarla ünsiyyətə girə bilsin. Bir sözlə, maraqlı aparıcı olsun.

- Dediyiniz kimi, efir üçün yaxşı xarici görünüş, ideal nitq kifayət etmir. Həm də savadlı, dünyagörüşlü olmaq lazımdır.
- Məlumatlı insan olmalıdır. Əgər kiminləsə, hansısa mütəxəssislə verliş aparırsa, o sahədə bilgili olmalıdır. Aparıcı gərək sualı necə gəldi, havaya tullamasın, ağılla versin.

- İnternetdən izləyirəm, bu cür maraqlı aparıcılar var...
-Qızım, mən internetdən istifadə etmirəm. Odur ki, kimdən söhbət gedəcəyini bilmirəm. Aparıcı heç olmasa sual verdiyi insana bir balaca qulaq assın, sözünü kəsməsin. Efirdə xor əmələ gətirməsin. Əgər sonra onu nəsə qane etmirsə, müsahibinə bir balaca ipucu versin ki, mən bunu sizdən eşitmək istəyirəm, tamaşaçıları əsasən bu maraqlandırır və s.

- Bəs siz zamanında özünüzü necə inkişaf etdirirdiniz?
- O illərdə tələbat başqa idi. Sənətə baxış da fərqli idi. İndi daha çox sərbəstlik verilib, aparıcılar üçün daha rahatdır. Biz çərçivədən kənara çıxa bilmirdik. Uzun sözün qısası, etdiyimizi etmişik də. Həmin illər indi bizm üçün ancaq xoş bir xatirədir. Gözəl kollektivimiz var idi. Şən idik. İndi daha danışmağın heç bir əhəmiyyəti yoxdur.

İndi kollektivinizdən kimlərlə əlaqəniz var?
-Ofeliya Sənani, Roza Tağıyeva, Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva ilə zəngləşirik. Biz onlarla dost deyilik, bacıyıq. Ayda 1 dəfə görüşməsək, özümüzü çox pis hiss edirik. Canlı təması çox sevirik. Uşaqlardan, nəvələrdən, nəticələrdən danışırıq. O, bizə qida verir.

Digər həmkarım Rafiq Haşimov radioya rəhbərlik edir. Çox məlumatlıdır, o illərin məktəbini keçib. Yekəxana deyil, səmimidir. Ona ancaq uğurlar arzu edə bilərəm.

- Daha efirə çıxmaq, aparıcılıq etmək istəmirsiniz? Bəlkə, sizin üçün maraqlı olar.
- Mən ancaq qonaq siması ilə verlişdə iştirak edə bilərəm. Amma veriliş aparmaq indi mənim üçün heç də maraqlı deyil. Kimdənsə müsahibə alıb xatirələrə dala bilərəm. Texnologiya ilə maraqlanmıram, nə mövzuda veriliş apara bilərəm ki?!. Bacarsam da istəmərəm.

- Sosial şəbəkələrdən də istifadə etmirsiniz?
- Heç "WhatsApp"da istifadə etmirəm. Öyrənmək üçün marağım və hövsələm yoxdur. Kiminlə əlaqə saxlamaq istəyirəmsə, telefonla zəng edirəm. Uzun danışmağa səbrim çatmır. Siz bu gün əhvalımın yaxşı vaxtına düşmüsünüz, yoxsa sizinlə də uzun-uzadı danışmazdım.

- Bəs nəyə marağınız var?
- Mənim yaşımda nə maraqlı olar?! Vətənimizin rifah halı yüksək olsun, isanların üzündə də təbəssüm görüm. Övladlarımın güzəranı yaxşı olsun. İndi mənə bu maraqlıdır.

Artıq nəticəm də var. Ayanın qızının 1 yaşı olacaq. Onlar mənim həyatımdır. Nəvəmin televiziyaya marağı yoxdur. İndiki gənclər daha çox blogerlik etmək istəyirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti