Adımız seçici siyahısında çıxmırsa, nə edək? - Açıqlama

   Adımız seçici siyahısında çıxmırsa, nə edək? -    Açıqlama
  31 Yanvar 2024    Oxunub:1822
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Artıq vətəndaşlar səs verəcəkləri seçki məntəqələri ilə bağlı məlumatlandırılır və namizədlərin siyahısı ilə tanış olurlar.
Ancaq elə şəxslər də var ki, öz adlarını seçici siyahısında tapa bilmirlər. Bununla bağlı saytımıza müraciət daxil olub. AzVision.az məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədliyə müraciət edib.

O, saytımıza açıqlamasında bildirib ki, əgər vətəndaşın adı seçici siyahısında çıxmırsa, o, seçki günü qeydiyatda olduğu ünvandakı məntəqəyə yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək adını siyahıya saldıra bilər.

“Məntəqə seçki komissiyası dərhal müvafiq qərar verir, onun adını seçicilər siyahısına əlavə edirlər və vətəndaşın səsverməsi təmin olunur. Qanunvericilik hər bir halda seçicinin səsvermə hüququnun təmin olunması üçün lazımı prosedurları nəzərdə tutlur.

Əgər vətəndaşın adı yaşadığı yerdən kənarda siyahıdadırsa, həmin vətəndaş fevralın 4-nə qədər Məntəqə Seçki Komissiyası (MnSK) müraciət edib, qeydiyatdan çıxma vəsiqəsi alaraq istənilən seçki məntəqəsində səs verə bilər”.

Ş. Əsədli seçki bildirişi almayanlarla bağlı məsələdən də danışıb:

“Bildiriş vərəqələri hüququi qüvvəsi olmayan məlumatlandırma xarakterlidir. Həta sms-lər də gəlir. Bildirişin olmaması o demək deyil ki, o seçici səs verməyəcək”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti