"Oğlum and içib, "vorovskoy" mahnılar oxumayacaq" - "Mahir Ay Brat" ın anası

   "Oğlum and içib, "vorovskoy" mahnılar oxumayacaq" -    "Mahir Ay Brat" ın anası
  31 Yanvar 2024    Oxunub:2229
Xəbər verdiyimiz kimi, yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamıyla həbsdə olan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
"Mahir Ay Brat" kimi tanınan meyxanaçı 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onun üzərinə elektron qolbaqla gəzmək, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşadığı evi tərk etməmək öhdəliyi qoyulub.

AzVision.az azadlığa çıxan meyxanaçının anası Mehriban Qonşuyeva ilə söhbətləşib.

- Mehriban xanım, 8 ay idi ki, Mahirdən uzaq düşmüşdünüz. Balanıza qovuşdunuz...
- Övladım məhkəmə zalından azad olunanda mən də yanında idim. Sanki ikinci dəfə həyata gəldim. Elə sanırdım ki, ölmüşəm. Hakimlərimizə, Prezidentimizə təşəkkür edirəm. 8 ay idi ki, balama həsrət qalmışdım. Çox əziyyətlər çəkdim, həmin günləri göz yaşı ilə yaşadım. Yediyim burnumdan gəlirdi. Ürək və böyrək xəstəsiyəm, ayağımda protez var. Deyirdim, ilahi, bu nə iş idi başımıza gəldi.

5 uşaq anasıyam. Mahir mənim ikinci övladımdır. Evimizi dolandıran Mahir idi.



- Mahir narkotik ittihamı ilə həbs olunmuşdu. Siz isə deyirdiniz ki, oğlunuz kriminal mövzudakı meyxanalarına və şəhidlərə ithaf etdiyi mahnıya görə həbs edilib.

-Mahirin səhvi o olub ki, "vorovskoy" (oğrulara həsr olunmuş mahnı-red.) mahnılar oxuyub. Ona deyirdilər ki, o cür mahnılar oxuma. Hətta bir dəfə çağırıb xəbərdarlıq da etmişdilər. Deyirdilər ki, kriminal mövzulu meyxanalar azyaşlı uşaqlara pis təsir göstərir. Oğlum da sözə baxmayıb, oxuyub. Mən də övladımı təqsirli bildim ki, ay bala, oxuma da. Hökumət deyir ki, burada durma, durma da. Ona görə də başımıza bu gəldi.

Narkotik məsələsinə gəlincə, balam o işlərlə məşğul olmaz. Evə çox bağlı övladdır, qayğıkeşdir. Həbsdən çıxandan sonra and içdi ki, "vorovskoy" mahnılar oxumayacaq. Bacımın oğlu da şəhid olub. Bütün şəhidləri övladım hesab edirəm.



- Mahir bundan sonra meyxanaya davam edəcək?
- Əlbəttə meyxana deyəcək. Amma o mövzulu meyxanalardan, mahnılardan uzaq duracaq. Söhbətimiz zamanı Mahir söz verdi ki, belə mahnılar oxumayacaq. Məni arxayın etdi, dedi ki, evində, işində olacaq.

- 8 aylıq həbsdən sonra səhhəti necədir?
-Gözləri çox zəif görür. Əməliyyat olunmalıdır. Eynəklə gəzir. Ciyərində problem var. Müalicə almalıdır. Allah balama yol açsın. Nişanlıdır. Qismət olsa, onu evləndirəcəyəm.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Mahir Qonşuyev iyunun 6-dan həbsdə idi. Ona qarşı ittihamda göstərilirdi ki, o, küçədə – Binəqədi rayonu, Azadlıq prospekti 145 ünvanının qarşısında saxlanılıb. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ("Bandotdel") üzərinə baxış keçiriləndə cibindən 3,818 qram metamfetamin çıxıb.

Daxili İşlər Nazirliyinin iyunun 12-də yaydığı məlumatda həmçinin qeyd olunurdu ki, araşdırmalar nəticəsində Mahir Qonşuyevin sosial şəbəkələrdə "Mahir Ay Brat" adlı səhifə yaradaraq, əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Özünü təqsirli hesab etməyən meyxanaçı əvvəllər narkotik istifadəçisi olduğunu etiraf edib, bildirib ki, birinci həbsindən sonra ondan əl çəkib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti