"Hərəkətsiz qalmışam, qonşudan xahiş edirəm ki, çörək alsın" - 82 yaşlı Ofeliya Sənani

 "Hərəkətsiz qalmışam, qonşudan xahiş edirəm ki, çörək alsın" -  82 yaşlı Ofeliya Sənani
  01 Fevral 2024    Oxunub:2293
AzVision.az -ın növbəti həmsöhbəti Xalq artisti, diktor Ofeliya Sənanidir. Tanınmış aparıcı ilə söhbətə səhətindən başladıq:
- Gah yaxşı oluram, gah da pis. Təzyiqim qalxır. Yaş öz sözünü deyir. İllərdir ki, evdə otururam, çox vaxt hərəkətsiz oluram. Səsim də dəyişib, bir az xırıldayır. Ancaq yaşıma görə səsim yaxşı qalıb.

Çölə çıxıb gəzməyə həvəsim yoxdur. Evdə əlimə keçən kitabı, qəzeti oxuyuram, televiziyanı izləyirəm. Ayda bir dəfə də keçmiş həmkarlarım Şərqiyyə Hüseynova və Roza Tağıyeva ilə görüşürük. Bizim öz yerimiz var, orada oturub söhbətləşirik və əhvalımız düzəlir.

- Zəngin televiziya təcrübəniz var. Bugünkü aparıcılardan sizə zəng edib məsləhət alan varmı?
- Təəssüf ki, yox. İndiki cavanlar başqadır. Məsələn, əvvəllər soruşardılar ki, “mətni necə oxuyum?”. Biz də həvəslə öyrədərdik. O dövrdə kimin səsi televiziyaya uyğun gəlirdisə, onu işə götürürdülər. İndi hər şey fərqlidir. Hansısa aparıcıya irad bildirəndə inciyir. Ona görə də sadəcə kənardan izləyirəm, heç nə demirəm.



- Övladlarınızdan sizinlə birgə yaşayan varmı, yoxsa tək qalırsınız?
- Uşaqlarım yaxınlıqda yaşayırlar. Hər gün gəlib mənə baş çəkirlər. Nəvələrim, nəticələrim var. Nəticələrim məktəbə gedirlər, çox yaxşı oxuyurlar. Hamısının ad günlərində iştirak edirəm, görüşürük. Bayramlarda bizə gəlirlər. Onlar üçün oyuncaqlar alıb evə qoyuram ki, gələndə darıxmasınlar.

- Belə gözəl səslə onlara nağıl oxuyursunuzmu?
- Nağıl oxumuram. Ona vaxt qalmır. Yaşa dolduqca adam tez-tez xəstlənir. Tez yoruluram, hövsələdən düşürəm. Bəzən övladlarım işdə olanda mağazaya düşə bilmirəm, qonşudan xahiş edirəm ki, çörək alıb gətirsin. Buna baxmayaraq, evdə yeriyirəm ki, hərəkətsiz qalmayım.



- Yerli, yoxsa xarici kanalları izləyirsiniz?
- Öz kanallarımıza baxıram. Deyirəm, görüm aparıcılarımız mətni necə oxuyur. Onlara baxanda Azərbaycan Televiziyasında işlədiyim zamanları xatırlayıram. Televiziyadan çıxıb tələsik dublyaja gedirdim. Kinostudiyaya çatanda görürdüm ki, Əli Zeynalov məni gözləyir. Elə birinci dubldan səsi yazırdıq. Efirdə çaşmırdım. Çox hazırlıqlı idim.

İndi həyatdan heç nə istəmirəm. Bircə sağlam və nəvələrimin gələcəyindən arxayın olum.






Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti