Taksilərdə 10 qəpiklik artım: Keyfiyyət dəyişmir, şirkət isə qazanc əldə edir

      Taksilərdə 10 qəpiklik artım:    Keyfiyyət dəyişmir, şirkət isə qazanc əldə edir
  02 Fevral 2024    Oxunub:2044
Azərbaycanda taksi qiymətlərinə yeni xidmət haqqı əlavə edilib . Belə ki, bəzi taksi şirkətlərində bu gündən etibarən gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib. Bunun isə taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.
Bəs taksi qiymətlərinin artıılması nə dərəcədə düzgündür? Bu xidmətin keyfiyyətinə və sərnişinlərin taksidən istifadəsinə necə təsir edəcək?

"Uber" taksi operator şirkətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu həftədən etibarən "Uber" proqramında sifariş edilən səfərin qiymətinə 0,1 manat xidmət haqqı daxildir: "Bu, ödənişi xidmətin fəaliyyəti və inkişafı üçün istifadə edəcəyik. Xidmət haqqı sərnişin və xidmət arasında qarşılıqlı ödəniş olduğu üçün sürücünün gəlirinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istəyirik ki, bazarda bu xidmət haqqı artıq standartdır".

Nəqliyyat eksperti Eldəniz Cəfərov AzVision.az -a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən transmilli taksi operator şirkətləri istədiklərini edirlər və heç kəs onların özbaşınalığına müdaxilə etmir:

"Onlar 2023-cü ilin yayında qeyri-qanuni şəkildə inhisarçılıq təşkil edərək, öz aralarında sövdələşərək taksi qiymətlərini 1,50 manatdan 2,50 manata yüksəlməsinə nail oldular. Taksi operator şirkətləri bu hərəkətlə Azərbaycanın bir sıra qanunlarını, o cümlədən inhisarçılıq haqqında qanunu, istehlakçıların hüquqlarını da pozublar. Nazirlər Kabinetinin 2019-cu ildə taksilərlə bağlı qəbul etdiyi reqlament qərar qüvvədədir və orada göstərilir ki, taksi qiyməti 1,50 manatdan başlayır. Heç kim o qərarı ləğv etməyib və qüvvədə ola-ola qiymət artımına gedilir. Buna baxmayaraq, taksi şirkətlərinə qarşı hər hansı addım atılmadı. Ona görə də bu cəzasızlıqdan istifadə edərək istədikləri addımı atırlar.

Bu gün Azərbaycan vətəndaşlarının taksilərə ödədiyi pullar transmilli şirkətlərə gedir. Oradan da onların erməni şəriklərinin cibləri dolur. Transmilli taksi şirkətləri paytaxt yollarında xaos yaradır. Bunun əziyyətini isə cəmiyyət, bizlər çəkirik. Bu, belə olmamalıdır", deyə ekspert əlavə edib.


E.Cəfərov qeyd edib ki, indiki halda taksi şirkətlərinin 10 qəpik servis haqqı alması daha çox qazanc əldə etməyə yönəlib. Bundan isə nə sürücü, nə də keyfiyyət artırılmadığı üçün sərnişin yararlana bilir.

"Nəticədə hər iki tərəf uduzur və qazanan taksi operatorları olur. Qiymət artımının səbəbi varsa, taksi şirkətləri bunu açıqlamalıdırlar. Lakin onlar cəmiyyətə çıxmırlar, heç bir sualı da cavablandırmırlar. Açıqlamalarında yalnız bir cümlə ilə "keyfiyyətin artırılacağını" deyilir. Amma əməldə bu edilmir. Yayda da qiyməti qaldıranda keyfiyyətin artırılacağını deyirdilər, amma biz bunun əksini gördük. İndi 10 qəpiklə keyfiyyət düzələcək? Taksi şirkətlərinin sözləri ilə əməli üst-üstə düşmür. Sürücülər də, sərnişinlər də bundan narazıdır. Qazanan yalnız transmilli taksi şirkətləri, uduzan Azərbaycan vətəndaşlarıdır. Necə 2 il bundan öncə taksini narkomanlar, əylənmək istəyənlər sürürdüsə, bu gün də elədir. Dəyişən heç nə yoxdur. Taksiyə əyləşəndə görürsən ki, sürücü adekvat deyil. Eləcə də taksilərin çoxu yarasız, sınıq vəziyyətdədir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti