Prezident mükafatçısı: "Mükafata layiq görüldüyüm üçün qürur hissi keçirirəm"

      Prezident mükafatçısı:    "Mükafata layiq görüldüyüm üçün qürur hissi keçirirəm"
  03 Fevral 2024    Oxunub:1168
Prezident İlham Əliyevin bu il fevralın 1-də imzaladığı Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər Gənclər üçün Prezident mükafatına layiq görülüb. Onların arasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının layihə meneceri və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev də var.
AzVision.az xəbər verir ki, Prezident mükafatçısı, Vətən müharibəsi iştirakçısı Ayxan Allahverdiyev AZƏRTAC-a məxsusi müsahibəsində gənclərlə bağlı fikirlərini bölüşüb.

O deyib ki, "Azərbaycan Gəncləri Gününü qalib xalqın qürurlu gəncləri olaraq suveren Azərbaycanımızda fəxarət hissi ilə qeyd etdik. Bu gün üçün suverenliyini və ərazi bütövlüyünü təmin etməyimizdə canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Bu mükafata layiq görüldüyüm üçün qürur hissi keçirirəm. Dövlətimiz hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərir. Azərbaycanda gənclər gününün təmtəraqla keçirilməsi, gənclərin qiymətləndirilməsi və daim diqqət mərkəzində olması bunun bariz nümunəsidir. Bu mükafat yalnız mənə deyil, bütün Azərbaycan könüllülərinə verilmiş mükafatdır".

Azərbaycan Texniki Universitetinin metallurgiya və materialşünaslıq fakültəsinin məzunu olduğunu söyləyən Ayxan Allahverdiyev deyib:

"2016-cı ildə könüllü kimi başladığım fəaliyyətlərə hazırda "Gənc Könüllülər" İctimai Birliyinin sədri olaraq davam etdirirəm. İndiyədək bir çox layihələrdə - müxtəlif istiqamətli düşərgə və proqramların, təlim və seminarların, beynəlxalq layihələrin icrasına cəlb olunmuşam. Eyni zamanda, torpaqlarımızın azad olunması uğrunda İkinci Qarabağ müharibəsində iştirak etmişəm.

Həmçinin "Bir yumruq!, Bir ürək!, Bir can!" layihəsinin iştirakçısı olmuşam. Belə ki, dövlətimizin çağırışına əsasən Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması, psixoloji və humanitar yardımın göstərilməsi istiqamətində 150 Azərbaycan könüllüsü qardaş ölkədə bir ay müddətində fəaliyyət göstərdi. Bunun nəticəsi kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Dövlət Üstün Fədakarlıq Nişanı” medalı ilə təltif olunanlar arasında mən də vardım.

Bundan əlavə, ölkədə könüllülüyün inkişafı, könüllülük hərəkatının genişləndirilməsi istiqamətində fəaliyyətlər, layihələr həyata keçirilir. Hər birimizin vəzifəsi Azərbaycan gəncliyinin inkişafına dəstək vermək, sağlam gəncliyi formalaşdırmaqdır. Sağlam gənclik, sağlam gələcək deməkdir"
, - "Gənc Könüllülər" İctimai Birliyinin sədri söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Ayxan Allahverdiyev İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

AzVision.az


Teqlər: gənclər   mükafat  





Xəbər lenti