"Dedi, hər yerdə özünüzü kişi kimi aparın" - Ağaxan Abdullayevin oğlu (Müsahibə)

 "Dedi, hər yerdə özünüzü kişi kimi aparın" -  Ağaxan Abdullayevin oğlu (Müsahibə)
  06 Fevral 2024    Oxunub:1958
Bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 74-cü ildönümü tamam olur. AzVision.az mərhum sənətçinin oğlu Hikmət Abdullayev ilə söhbətləşib.
- Hər il olduğu kimi bu il də atamın məzarını ziyarət etdik. Qardaşlarım, əmilərim və atamın dostları Əmircandakı ata ocağında bir araya gəldilər. Sağlığında Ağaxan müəllim doğum gününü təmtaraqlı qeyd etməyi sevməzdi. Biz onun başına yığışırdıq. Çox mehriban ailə olmuşuq, indi də bu ənənəyə sadiqik. Minəxan qardaşımın oğlu atamın adını daşıyır.
Ağaxan Abdullayevin oğlu: “Böyüyümü, arxa-dayağımı itirmişəm”


- Siz ailənin sonbeşiyisiniz. Atanız sizinlə digər qardaşları arasında fərq qoyurdumu? Sizin üçün xüsusi qayğı göstərirdimi?
-Deməzdim fərq qoyurdu. Hamımıza eyni tərbiyəni verirdi. Hər şeyi ətraflı başa salırdı. Hamımızı adımızla çağırırdı və ya oğlum deyirdi.

- Ata kimi onun ən çox hansı xarakterini bəyənib özünüzə nümunə götürürdünüz?
- Ağaxan müəllim bizim üçün ideal bir insan idi. Çox gözəl xarakteri var idi. Zarafatın və ciddi olmağın yerini bilirdi. Bizə həmişə məsləhətlər verirdi. Hər bir xırda detala fikir verən insan idi. Övladlarına hər bir şeyi ətraflı başa salırdı. Orxan və mən o biri qardaşlarımızdan yaşca çox kiçik olmuşuq. Buna baxmayaraq, atam bizi qarşısına qoyub böyük bir kişi kimi məsləhətlər verirdi. Həm dost, həm də valideyn idi. Deyirdi, uşaqlıq dövrü artıq arxada qaldı. Hər yerdə özünüzü kişi kimi, nümunəvi bir insan kimi aparın.

- Dörd qardaşdan hansınızın səsi var?
- Böyük qardaşım Xöşbəxtin və mənim səsim var. Orxan qardaşımla mən tar-kaman ifaçılarıyıq. Musiqi məktəbində müəllim işləyirik. Bizim hər ikimizi atam bu sənətə yönəldib. Özü başımızın üstdə durub dərslərimizə nəzarət edirdi. Sağlığında onu müşayiət etdiyimiz də olurdu. Biz çalırdıq, o isə "Mahur" muğamını ifa edirdi.

- Deyəsən, bir az sərt ata olub. Heç sizi cəzalandırıbmı?
-Onun cəzasına ehtiyac yox idi. Bircə dəfə gözünü ağartdısa, vəssalam, bəsimiz idi. Valideyn iclası olanda həmişə içimizdə bu qorxu olardı ki, birdən atamız gələr. Ancaq nəvələrinə qarşı mülayim idi, övladları kimi deyildi.

-Xaraktercə hansınız ona daha çox bənzəyirsiniz?
-Hərəmiz ayrı-ayrılıqda xarakterini özümüzdə daşıyırıq. Əsasən Xoşbəxt qardaşımız ona çox bənzəyir.

-Son günlərində sizə nə vəsiyyət etdi?
- Dedi, bu mehribanlığı qoruyun saxlayın, bu vaxta kimi necə gəlmisinizsə, elə də davam edin.
- Atanızın səs yazılarından ibarət arxivi nə etdiniz?
-Arxivin bir hissəsi Heydər Əliyev Fondu tərəfindən qorunub saxlanılır. Bir hissəsi isə ata ocağımızdadır.



Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

İfa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

Uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti