İlham Əliyev AŞPA-da mühüm mesajlar verdi

İlham Əliyev AŞPA-da mühüm mesajlar verdi
  24 İyun 2014    Oxunub:913
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret addımlar atmaq fikrində deyil".

AzVision.az xəbər verir ki, bu sözləri bu gün Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistan Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılmasına çalışır:

“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bütün dünya Dağlıq Qrabağın Azərbaycan aid olduğunu qəbul edir. Ermənistan isə bununla razılaşmaq istəmir. İşğal nəticəsində tarixi abidələr, qəbirstanlıqlar, məscidlər dağıdılıb. 20 il keçib. Lakin münaqişə öz həllini tapmır. Ermənistan Qarabağı tərk etmək istəmir. Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapmalıdır”.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirilir. Prezident son illər ərzində təhsil sahəsindəki islahatlardan danışıb.

Azərbaycan prezidenti dünya birliyinin ikili standartları probleminə də toxunub. O deyib ki, Azərbaycan böyük ənənələrə, mədəniyyətə malik gənc dövlətdir. Onun dünyada yaxşı reputasiyası var və BMT TŞ sədri postundakı missiyasını da uğurla yerinə yetirdi: “Bizə inanır, bizi dəstəkləyir və bizə etimad göstərirlər. Bunun sübutu olaraq BMT TŞ-dəki iki illik fəaliyyətimizi göztərə bilərəm”.

İ.Əliyev bildirib ki, Azərbaycan dünya birliyinin üzvü olan ölkələrin əksəriyyəti ilə bərabərhüquqlu münasibətlər qurub və regional təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynamağa hazırlaşır.

İ.Əliyev AŞ PA-dakı çıxışında Qarabağ münaqişəsi, Ermənistanın işğalının ağır nəticələri barədə geniş danışıb.

İ.Əliyev çıxışında Ermənistan-Azərbaycan münaqişəsi barədə bəhs edərkən bildirib ki, bu münaqişə təkcə region üçün deyil, bütün dünya üçün böyük təhlükə təşkil edir. Prezident Ermənistanın işğal siyasətinin ağır nəticələri barədə danışıb, Azərbaycan abidələrinin dağıdılması, Qarabağda mədəni irsin məhv edildiyi, azərbaycanlı əhalinin izlərinin silindiyi haqda bəhs edib.

Bununla belə prezident deyib ki, dünya birliyi hələ də Ermənistanın işğal siyasətini dayandırmaq üçün preventiv model təklif etməyib.

İ.Əliyevin sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarına, beynəlxalq ictimai rəyə məhəl qoymur və öz işğal siyasətini davam etdirir.

“Əgər xatırlayırsınızsa, burada, Avropa Şurasında Ermənistan prezidenti belə yolverilməz ifadə işlətdi ki, azərbaycanlılar və ermənilər etnik baxımdan birgə yaşaya bilməzlər. Bu - dəhşətlidir. Və erməni vandalizmi davam edir. İki erməni dövlət ola bilməz. Birinci Ermənistan respublikası Azərbaycan ərazilərində yaranıb. Burada iştirak edən erməni deputatları bunu bilirlər. Axı ikinci erməni dövləti nəyə lazımdır? Doğrudanmı bir erməni dövləti sizə bəs etmir? Axı bu, fəlakətə və kollapsa aparan yoldur” - deyə İ.Əliyev bildirib.

“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların həyata keçirilməsidir”. Bunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycanla bağlı da bir neçə qətnamə və qərarlar var: “Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir” (APA).

Dövlət başçısı AŞPA sədri, xanım Ann Brassörə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyi üçün təşəkkür edib: “Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipi hesab olunur”.

Prezident İlham Əliyev nitqini başa vurub və sual-cavab başlayıb. Sual üçün ilk söz alan İrlandiya nümayəndə heyətinin üzvü, Azərbaycanda siyasi məhbuslar məsələsini yenidən AŞ PA-nın gündəminə gətirməyə çalışan Maykl Maknamara olub.

Maknamara ötən ilki prezident seçkilərindən sonra Azərbaycanda “siyasi motivli həbslər aparıldığı” barədə danışıb, siyasi məhbusları azad etməyə çağırıb.

Virtualaz.org saytı bildirir ki, prezident İ.Əliyev Maknamaraya sərt cavab verərək bildirib ki, Azərbaycanda siyasi məhbuslar yoxdur. Azərbaycan prezidenti Kristofer Ştrasserin yalan məlumatlar əsasında siyasi məhbus məruzəsi hazırlayıb AŞ PA-nın qış sessiyasında təqdim etdiyini, lakin bu səylərin iflasa uğradığını bildirib.

“Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur” - deyə o vurğulayıb.

Yunanıstanın eks xarici işlər naziri Dora Bakoyannis Azərbaycan prezidentinə Qarabağ məsələsi və Avropa Şurasında bu münaqişənin həlli üçün göstərilən səylər barədə sual verib.

Prezident çıxışında Qarabağa dair dediyi tezisləri təkrarlayıb.

İ.Əliyevə siyasi islahatlar və bu sahədəki problemlər barədə sual ünvanlanıb. Prezident siyasi azadlıqlarla bağlı problemlərin olduğunu gizlətməyib, ancaq bildirib ki, problemlərdən ölkəyə qarşı ədalətsiz tənqidlər və əsassız hücumlar üçün istifadə etmək lazım deyil. Xüsusən də ona görə ki, bu hücumlar heç bir nəticə verə bilməz. Prezidentin sözlərinə görə, diqqəti ancaq mənfinin üzərinə yönəltmək düzgün deyil. Diqqəti pozitiv dinamikaya yönəltmək lazımdır.

“Bizdə bütün siyasi azadlıqlar var, o cümlədən KİV azadlıqları. Başa düşün, internet azaddırsa KİV azadlıqlarını məhdudlaşdırmaq bizim nəyimizə lazımdır?” - deyə İ.Əliyev bildirib. Prezident ölkədə toplaşmaq azadlıqlarının da olduğunu deyib.

“Prezident seçkilərindən sonra biz müxalifətə mitinqlərin keçirilməsi üçün meydan ayırdıq. O bizim problem deyil ki, meydana cəmi 860 adam gəldi” - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı SDİ rəhbəri Leyla Yunus məsələsi ilə bağlı suala cavabında deyib ki, L.Yunus prokurorluğa ifadə verməyə çağırılsa da bundan imtina edib.



Teqlər:  





Xəbər lenti