"Moskvada 2,5 mindən çox azərbaycanlı səsvermədə iştirak edəcək"

 "Moskvada 2,5 mindən çox azərbaycanlı səsvermədə iştirak edəcək"
  07 Fevral 2024    Oxunub:1053
Moskvada növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılmış seçki məntəqələrində iştirak etmək üçün 2,5 mindən çox Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.
AzVision.az xəıbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O qeyd edib ki, səfirlikdə iki seçki məntəqəsi yaradılıb.

Diplomatik missiya rəhbəri həmçinin qeyd edib ki, Moskvadan başqa, Sankt-Peterburq və Yekaterinburqda da seçki məntəqələri yaradılıb. “Beləliklə, bu şəhərlərdə və yaxınlıqda olan vətəndaşlar ösəsvermədə iştirak imkanı əldə edirlər”.

Diplomat həmçinin vurğulayıb ki, bu seçkilərin Azərbaycan tarixində xüsusi önəmi var: "Çünki ilk dəfə olaraq bütün ölkədə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə səsvermə keçirilir. Artıq Xankəndində, Xocalıda, doğma Şuşada səsvermə başlayıb və vətəndaşlar böyük həvəslə iştirak edirlər. Mən tam əminəm ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcək", deyə səfir əlavə edib.

Qeyd edək ki, Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər. Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir. Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti