Fuad Əliyev və Razi Nurullayev İlham Əliyevi təbrik edib

Fuad Əliyev və Razi Nurullayev İlham Əliyevi təbrik edib
  08 Fevral 2024    Oxunub:1330
Qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq.
AzVision.az xəbər verir ki, bu barədə prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahının bəyanatında qeyd olunub.

“Suveren Azərbaycan Respublikasının Konstitusiyasının və digər qanunvericilik aktlarının, həmçinin ölkədə mövcud olan plüralizm, söz və fikir azadlığının yaratmış olduğu imkanlardan istifadə edək Fuad Ağası oğlu Əliyev ölkədə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmüşdür.

Digər 16 namizəd kimi lazımi sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim ediləndən dərhal sonra Fuad Əliyevin namizədliyi təsdiq edilmiş və imzalar toplanması üçün müvafiq imza vərəqələri namizədin səlahiyyətli nümayəndələrinə təqdim edilmişdir. Qısa zamanda təşkilatlanan komandamız öncə Seçki qərargahı təşkil etmiş və ölkə üzrə imzalar toplamağa başlamışdır. Heç bir təzyiq və maneə ilə qarşılaşmadan, tam sərbəst şəkildə imzalar toplanmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Prezidentliyə namizəd Fuad Əliyevin Seçki qərargahı namizədlik üçün imza verən şəxslər arasından və namizədin digər tərəfdarlarından öz müşahidəçilərini seçmiş və 6 min nəfərdən çox şəxs müşahidəçi kimi DSK-da qeydiyyatdan keçirilmişdir. Aktiv təbliğat zamanı Bakının Xəzər, Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron, Ağsu, Astara, Beyləqan, Balakən rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, digər yaşayış massivlərində, kənd və qəsəbələrdə minlərlə seçici ilə Fuad Əliyevin birbaşa canlı görüşləri keçirilmişdir. Bu görüşlərdə Fuad Əliyev təkcə öz platformasını seçicilərə çatdırmamış, onları maraqlandıran sualları cavablandırmış və problemlərini dinləyərək ictimailəşdirmişdir. Televiziya, radio və qəzetlərdə namizədlər üçün müəyyən edilmiş pulsuz təşviqatdan lazımınca istifadə edilmiş və görüşdüyümüz əhalinin fərdi və kollektiv problemləri aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırılmışdır”, - bəyanatda qeyd olunur.

“Seçki günü bütün ölkə ərazisində 6 mindən çox seçki məntəqəsində və 125 dairənin hər birində Prezidentliyə namizəd Fuad Əliyevin müşahidəçiləri seçkiləri izləmiş və gün ərzində bir neçə dəfə vəziyyətlə bağlı qərargahı məlumatlandırmışdır. İstər seçki öncəsi prosesdə, istərsə də səsvermə günü müşahidəçilər tərəfindən seçkinin nəticələrinə təsir edə biləcək neqativ hala rast gəlinməmişdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda Prezident seçkiləri dinc və sakit ab-havada keçmiş, seçkilərdə bütün namizədlər və müşahidəçilər üçün bərabər şərait yaradılmış, bütün seçki prosesi MSK tərəfindən qanunlara uyğun təşkil olunmuşdur.

Seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərmişdir. Bu qələbə münasibətilə İlham Əliyevi ürəkdən təbrik edir və Prezidentə Azərbaycanın qüvvətlənməsi, insanlarımızın rifahının daha da yaxşılaşdırılması üçün atacağı bütün addımlarda uğurlar arzulayırıq. Prezidentliyə namizəd Fuad Əliyev üçün səsverməyə gəlmiş və öz səsini Fuad Əliyevə vermiş bütün seçicilərimizə öz dərin minnətdarlığımızı bildiririk”, - bəyanatda vurğulanır.

***
Milli Cəbhə Partiyası seçkilərin ilkin nəticələrinə və “exit poll”arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib.

Milli Cəbhə Partiyasının bəyanatında deyilir:

“Vətən müharibəsində qalib gələrək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qəhrəman xalqımızın bütün ölkə ərazisində ilk dəfə iştirak edəcəyi seçkilərə qatılmaq Milli Cəbhə Partiyası üzvləri və partiya funksionerlərinin yekdil qərarı ilə mümkün olub. Fevralın 7-də keçirilən seçkilərə hazırlıq müddətinin qısa olmasına baxmayaraq, Milli Cəbhə Partiyası bu seçkiləri partiyanın növbəti sınağı kimi dəyərləndirib. Partiyanın sədri Razi Nurullayevin namizədliyini irəli sürmək və qeydiyyata alınması üçün tələb edilən vətəndaş imzalarını toplamaq heç də asan olmayıb.

Müharibədən yeni çıxmış, haqq savaşında qalib gəlmiş, öz rəhbərinə güvənən Azərbaycan xalqından namizədlik üçün imza almaq çox çətinliklə mümkün olmuş, bunun üçün partiya fəalları tərəfindən bütün ölkə ərazisində proses başladılmışdır. Vətəndaşlarımızın imzalarını toplamaq partiyamızın gücünü göstərən amil hesab edilə bilər”.

“Seçki prosesində ölkədə mövcud olan demokratik mühit və fikir azadlığının dövlət təminatı Milli Cəbhə Partiyasının seçkiöncəsi prosesdə uğurlarının əsasını təşkil etmişdir. Aparılan təbliğat və təşviqat işləri ölkənin ayrı-ayrı regionlarını, kəndləri, qəsəbələri, şəhərləri və paytaxt Bakını əhatə etmişdir. Bu görüşlərdə minlərlə vətəndaşımız iştirak etmiş və öz problemlərini partiyamızın prezidentliyə namizədi Razi Nurullayevlə bölüşmüşdür.

Prezidentliyə namizəd Razi Nurullayev də öz növbəsində vətəndaşların sosial problemlərini həlli yollarını öz platformasına daxil edərək televiziya, radio və müxtəlif mətbuat orqanları vasitəsilə Azərbaycan xalqına çatdırmışdır.

Bunun nəticəsində seçicilər seçki günü prezidentliyə namizəd Razi Nurullayevin qələbəsi üçün seçki məntəqələrinə gəlmiş və öz namizədlərinə səs vermişlər. Bu prosesi Milli Cəbhə Partiyasının 6 mindən çox müşahidəçisi ölkədə mövcud olan bütün seçki məntəqələrində yaxından izləmiş və öz qeydlərini seçki günü bir neçə dəfə Milli Cəbhə Partiyasının Seçki qərargahı ilə bölüşmüşdür. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinmişdir.

Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilmiş, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik”, - bəyanatda vurğulanır.

AzVision.az


Teqlər:





Xəbər lenti