ASEAN PA-nın rəsmisi: "Seçkilər tam şəffaf və demokratik şəkildə keçdi"

      ASEAN PA-nın rəsmisi:    "Seçkilər tam şəffaf və demokratik şəkildə keçdi"
  08 Fevral 2024    Oxunub:1101
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlament Assambleyasının (AİPA) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Qurumun müşahidə missiyasının rəhbəri Sanya Praseut Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri zamanı 7 seçki məntəqəsindəseçki prosesi ilə tanış olduğunu bildirib. O deyib ki, missiya həmin məntəqələrdə səsvermə prosesini sonadək izləyib və səslərin sayılmasında iştirak edib. “Missiyamızın qənaəti bundan ibarətdir ki, seçkilər tam şəffaf və demokratik şəkildə keçib, heç bir təzyiq hadisəsi qeydə alınmayıb”.

Qeyd olunub ki, vətəndaşlar sakit, rahat şəkildə səsvermə prosesində iştirak ediblər. Prezident seçkiləri sakit şəraitdə və ədalətli keçib. Ölkədəki sabit şəraitə görə həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə izləyə biliblər.

Assambleyanın üzvü İlyas Topsakal isə qeyd edib ki, onlar Bakıda 6 dairədə, regionlarda isə bir neçə məntəqədə müşahidələr aparıblar.

“Azərbaycanda baş tutan seçkilərin təhlükəsizlik baxımından dünyada ən yüksək səviyyədə baş tutmuş seçki prosesi olduğunu deyə bilərik. Seçki prosesini aparan texniki işçilərin də prosesə çox yaxşı səviyyədə hazırlaşdığını müşahidə etdik. Səslərin sayılması prosesində də iştirak etmişik. Bu prosesdə Prezident İlham Əliyevin çox böyük sayda səs qazandığının şahidi olduq. Bu, demokratiya baxımından böyük uğurdur”.

Qeyd edək ki, MSK-nın yaydığı ilkin yekun nəticələr əsasən, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərdə qalib olub.

AzVision.az


Teqlər:





Xəbər lenti