"Siqaret ala bilmir, deyir, gedim "moyka"da..." – Aqşin Bəbirovun anası
O bildirib ki, MRT-nin cavabını Baş Prokurorluğa verib:
"Qabırğalarında sınıqlar var, ayaqlarında tokların yeri var. Yaşadıqlarımdan dolayı sağlamlığım sıfırdır, mən Aqşini necə müalicə etdirim?
Uşaqların durumu normal deyil. Normal ola da bilməz, çünki 8 ay düşmənin xarabasında işgəncələrə məruz qalan, sağlamlığından olan uşaqlardır. Psixologiyaları, sağlamlıqları sıfırdır. Aqşin ehtiyat edir, insanların arasına çıxmır, sıxlıq olanda narahat olur. Evə çox adam gələndə də narahat olur, rəngi sapsarı olur. Səs götürmür, sakitlik istəyir. Eyni açılsın deyə özümüzünkülər sakit yerə aparırlar".
Dürdanə Bəbirova deyib ki, Aqşin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə tez-tez əlaqə saxlayır, sənədlərlə bağlı danışırlar:
"Hərbi biletləri verilməlidir. Oğlum deyir ki, DTX bizə çox köməklik edir, dövlət arxamızdadır. Dövlətimiz gətiribsə, inanıram ki, onun arxasında da duracaq".
D.Bəbirova bildirib ki, Aqşinlə Hüseyn işləmək istəyirlər:
"Uşaqlar qazanmaq istəyirlər. Ailələrinin vəziyyəti ilə bağlı valideynə ağız açmaq istəmirlər. Kiməsə möhtac olmaq istəmirlər. Yaşadıqları əziyyətlərlə bağlı siqaret çəkirlər. Onu da almağa imkan yoxdur. Nə qədər insanın ətrafında olanlar hörmət edib siqaret alar? Özlərini sınmış kimi hiss edirlər. Ana kimi çox narahatıq – mən də, Şəlalə xanım da (Hüseyn Axundovun anası - red.). Az qalır ki, uşaqlar canlarına qıysınlar. Bizim gözümüz uşaqların üzərindədir, bir anda ab-havaları dəyişir, tükənirlər. Nə qədər ki, uşaqlarımız sağlamlığına qovuşmayıb, ana narahatlığı heç vaxt düzələ bilməz. Aqşini evdə tək qoyub gedə bilmirəm. Deyirəm, bir anda əsəbiləşəcək, haranısa yumruqlayacaq, ya da özündən gedəcək. Dəfələrlə özündən gedib, yerə yıxılıb. Videosunu çəkib saxlayıblar ki, bu uşaq nə vəziyyətə düşür. Bu uşaqların yaşadığını bütün dünya bilir. Düşmənin xarabasında vəhşilərin, canilərin əlində balalarımız nə hala düşüb. Yeriyə bilmirdilər, ayaqları yer tutmurdu yeriməyə. Onların qanı təmizlənməlidir, təcili şəkildə psixoloji müalicə almalıdırlar. Çox narahatıq.
Aqşin bu vəziyyətində işləmək istəyir. Deyir, gedim maşın yuyum, “moyka”da işləyim. Deyirəm, bala, sağlamlığın yoxdur. İdmana getmək istəyir, ancaq hal yoxdur, bədən əsir. Adicə telefonu tutur, əlləri əsir".
"Cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edirəm. Biz səsimizi cənab Prezidentə verdik, çünki hər zaman xalqın yanında olduğunu bir daha sübut etdi, balalarımızı azad etdi. Dövlət başçısına sonsuz minnətdarlığımı bildirirəm. İnanıram ki, cənab Prezident yenə də Aqşinin, Hüseynin arxasında duracaq, onları yıxıldıqları yerdən bir daha qaldıracaq", – Dürdanə Bəbirova vurğulayıb.
AzVision.az
Teqlər: Aqşin-Bəbirov Hüseyn-Axundov